"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bugündən etibarən ilk dəfə Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə sərnişindaşıma xidmətinə başlayır.
ADY-dən Yurd.Media-ya bildirilib ki, müasir elektrik qatarı hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edəcək.
Sərnişinlər marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.
Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4.30 AZN, Ləki–Qəbələ istiqamətində isə 1.70 AZN təşkil edir.
Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq.
Bakıdan Qəbələyə gedənlər də bu reysdən istifadə edə bilərlər. Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə–Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkündür. Sərnişinlər Qəbələ–Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya gələ bilərlər.