SÜJET
Azərbaycanın dağlıq rayonlarının inkişafı digər bölgələrimizlə müqayisədə nisbətən zəifdir.
Bunu Yurd.Media-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadi ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, buna səbəb bir sıra dağlıq ərazilərə sərmayənin cəlb edilməsində çətinliklərin olmasıdır:
“İri şəhərlərin yerləşdiyi və iri şəhərlərə yaxın rayonlarımız daha çox inkişaf edib. Ancaq bəzi bölgələrin, xüsusən dağlıq rayonların inkişafı ilə bağlı təşviq alətlərindən daha çox istifadəyə və həmin ərazilərin inkişafı ilə bağlı xüsusi yanaşmaların tətbiq edilməsinə ehtiyac var. Təbii ki, biz ötən müddətdə regionların infrastrukturunun formalaşması və regionlara daha çox sərmayənin cəlb edilməsini müşahidə etdik. Bu da nəticə etibarilə regionların inkişafına xüsusi dəstək oldu”.
Ekspert qeyd edib ki, Azərbaycanda regionların inkişafı prioritet məsələlərdəndir və sosial-iqtisadi inkişaf proqramının icra edilməsi də məhz regionlara xüsusi diqqətin ayrılmasından xəbər verir.
“Təbii ki, Bakının həm ümumdaxili məhsulda, həm də bütövlükdə iqtisadiyyatın formalaşmasında payı yüksək olaraq qalır. Neft sənayesinin Bakıda yerləşməsi, paytaxtda xidmət sektorunun və digər sahələrin daha çox inkişaf etməsi bunun əsas səbəblərindəndir. Bu baxımdan regionların inkişaf xəritəsinin hazırlanması və orta inkişaf göstəricisindən geri qalan rayonlarımız üçün xüsusi proqramların tətbiq edilməsi məqsədəuyğundur. Bu, bütövlükdə bölgələrimizin inkişafına və onların daha yaxından dəstəklənməsinə xidmət edəcək”, - deyə V. Bayramov vurğulayıb.