SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Cəbrayılda məscidin, yaşayış komplekslərinin təməli qoyulub, avtomobil yolu açılıb

Cəbrayılda məscidin, yaşayış komplekslərinin təməli qoyulub, avtomobil yolu açılıb

  • 28 oktyabr 2025, 16:51
Cəbrayıl

Cəbrayıl rayonunda bu gün məscidin, yaşayış komplekslərinin təməli qoyulub, avtomobil yolunun açılışı baş tutub.

Yurd.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcə Cəbrayıl şəhər məscidinin təməlini qoyub.

“PMD Projects” şirkətinin direktoru Nəriman Topçibaşev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, məscidin ümumi sahəsi 1530 kvadratmetrdən çox olacaq. Burada eyni vaxtda 615 nəfər ibadət edə biləcək. İkimərtəbəli məscid binasında eyni anda kişilərin və qadınların ibadət etmələri üçün şərait olacaq. Məsciddə icma zalı, avtomobil dayanacağı, söhbətgah yaradılacaq. Məscidin minarələrinin hündürlüyü 34,2 metr, günbəzin hündürlüyü isə 22,6 metr olacaq.

Qeyd edək ki, işğaldan əvvəl Cəbrayıl rayonunda 5 məscid, 40-dan çox ziyarətgah, 20-dən artıq tarixi-memarlıq abidəsi olub. İşğal dövründə digər ərazilərimizdə olduğu kimi, bu rayondakı tarixi-dini abidələrimiz ermənilər tərəfindən məhv edilib. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağın və Şərqi-Zəngəzurun tarixi-dini və mədəni abidələrinin bərpası, yenilərinin inşası istiqamətində Azərbaycan dövləti tərəfindən mühüm işlər görülüb. Bu xüsusda 2017-ci ildə Cocuq Mərcanlı kəndində inşa edilən, Şuşa məscidinin bənzəri olan məscidi qeyd etmək olar.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməlini qoyub.

Yurd.Media xəbər verir ki, ikinci yaşayış kompleksi 5,28 hektar ərazidə salınacaq. Layihə çərçivəsində 5 və 6 mərtəbəli 23 bina inşa ediləcək. Binalarda bir, iki, üç, dörd və beş otaqdan ibarət ümumilikdə 615 mənzil olacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılacaq.

Dövlətimizin başçısı daha sonra şəhərdə inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlini qoyub. Bu kompleksin də ümumi sahəsi 5 hektardan artıqdır. Burada 5, 6 və 7 mərtəbəli 25 binanın tikintisi planlaşdırılır. Layihəyə əsasən binalarda bir, iki, üç, dörd və beşotaqlı olmaqla 746 mənzilin inşası nəzərdə tutulur.

Hər iki kompleks müasir standartlara uyğun şəkildə tikiləcək, zəruri sosial infrastrukturla təchiz ediləcək və Cəbrayıl şəhərinin bərpası istiqamətində atılan növbəti mühüm addım olacaq.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul-Bəhrəmtəpə-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində inşa olunan “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun da açılışında iştirak edib.

Yurd.Media xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, IV texniki dərəcəyə uyğun inşa edilən yolun ümumi uzunluğu 11,5 kilometrdir. İki hərəkət zolağından ibarət yolun eni 6 metrdir. Bu yolun inşası ötən ilin dekabrında Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Qeyd edək ki, yeni yolun istifadəyə verilməsi bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə, əhalinin rahat gediş-gəlişinin təmin edilməsinə öz töhfəsini verəcək.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub.

Yurd.Media xəbər verir ki, energetika naziri Pərviz Şahbazov dövlətimizin başçısına 50 meqavat gücündə “Şəms” Günəş Elektrik Stansiyası barədə məlumat verdi.

Bildirildi ki, bu layihə ölkəmizin yaşıl enerji strategiyasının mühüm tərkib hissəsidir və Cəbrayıl rayonunun enerji xəritəsində yeni mərhələnin başlanğıcını qoyur.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Energetika Nazirliyi ilə “Nobel Energy” şirkəti arasında 100 MVt gücündə Günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin istehsalı, satışı və istehlakı sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Ardınca bu ilin aprelində Azərbaycan Respublikası Hökuməti “Enerso Cəbrayıl” MMC ilə 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası, “Clean Energy Jabrayil” MMC ilə isə “Şəms” Günəş Elektrik Stansiyası layihələri üzrə investisiya müqavilələri bağlayıb.

Ötən il Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 229 hektar torpaq sahəsi bərpaolunan enerji mənbələrinin inkişafı üçün ayrılıb. Bu çərçivədə “Clean Energy Jabrayil” MMC üçün 135 hektardan çox, “Enerso Cəbrayıl” MMC üçün isə 93 hektardan çox ərazi müəyyən edilib.

Prezident İlham Əliyev “Şəms” Günəş Elektrik Stansiyasının təməlini qoydu, daha sonra “Üfüq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak etdi.

Məlumat verildi ki, “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarında ildə ümumilikdə 206 milyon kilovat-saat elektrik enerjisinin istehsalı planlaşdırılır. Bunun nəticəsində hər il təxminən 44 milyon kubmetr təbii qaza qənaət ediləcəyi, atmosferə atılan zərərli emissiyaların isə 96 min ton azalacağı gözlənilir.

Stansiyalarda istehsal ediləcək elektrik enerjisinin 75 milyon kilovat-saatı “AzərEnerji” ASC-yə, 131 milyon kilovat-saatı isə “elektrik enerjisinin virtual ötürülməsi” prinsipi əsasında iri istehlakçılarla birbaşa bağlanan alqı-satqı müqavilələri üzrə satılacaq. “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının 2027-ci ildə istismara verilməsi planlaşdırılır.

Bu layihələrin icrası Şərqi Zəngəzurun yaşıl enerji mərkəzinə çevrilməsində Cəbrayıl rayonunun rolunu daha da gücləndirəcək.

Prime Leasing
SPE Annual Caspian