SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Növbəti köç karvanı Cəbrayıla çatıb, daha 50 ailəyə açarlar təqdim olunub - YENİLƏNİB

Növbəti köç karvanı Cəbrayıla çatıb, daha 50 ailəyə açarlar təqdim olunub - YENİLƏNİB

  • 25 iyul 2025, 15:30

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Cəbrayıl şəhərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

Yurd.Media xəbər verir ki, Cəbrayıl şəhəri bu gün 50 ailə olmaqla, 199 nəfərə qucaq açıb. Şəhərə qədəm qoyan ailələr sevinc gözyaşları ilə öz doğma yurduna qovuşub və Cəbrayıl şəhərində yaradılan gözəlliyi seyr ediblər.

Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Həmçinin rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Köçürülən ailələrin dövlətimizin başçısının göstərişi əsasında Cəbrayıl şəhərində yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb. Cəbrayıla qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqda aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Mənzillərin açarlarının təqdim edilməsi mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər. Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda həmin ərazilərə köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən - yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.

*** 13:50

Bu gün Ağdam rayonunun Xıdırlı kəndinə yola salınan köç karvanı kəndə çatıb.

Yurd.Media xəbər verir ki, bu mərhələdə şəhərə köçürülən 232 nəfərdən ibarət 60 ailəyə mənzillərin açarları təqdim edilib.

***09:14

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Ağdam rayonunun Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.

Yurd.Media xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 60 ailə - 235 nəfər, Cəbrayıl şəhərinə isə 50 ailə - 199 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.

Prime Leasing