Ucar rayonunda 27 yaşlı gəlin qayınanasına xəsarət yetirib.
Yurd.Media "Teleqraf"a istinadən xəbər verir ki, hadisə ötən ilin avqustun 7-də Ucar şəhərində baş verib.
Ucar rayon sakini, 1989-cu il təvəllüdlü Bahar qayınanası Zəminə (adlar şərti verilib – red.) ilə mübahisə edib.
Həmin gün saat 10 radələrində yaşadıqları mənzildə olduqları zaman qaynanası ona yaşadıqları evdən getməsini tələb edib. Bu zaman 27 yaşlı gəlin ilə qayınanası arasında mübahisə başlayıb.
Mübahisə zamanı Bahar qayınanasına bir neçə dəfə yumruq ilə sol çiyninə və sol qoluna vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Baharın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Bahar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu bildirib. İşə bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsini, barəsində amnistiya aktının tətbiq edilməsini xahiş edib.
Zərərçəkmiş şəxs isə təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona sərt cəza tətbiq edilməsini istəyib.
Qeyd edək ki, Bahar üç azyaşlı uşaq anasıdır.
Ucar Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri ləğv edilib.