SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
“Kapital Bank” kartından oğurluğun detalları açıqlandı - MƏHKƏMƏ İŞİ

“Kapital Bank” kartından oğurluğun detalları açıqlandı - MƏHKƏMƏ İŞİ

  • 20 oktyabr 2025, 13:49

Bakıda “Kapital Bank” Açıq Səhimdar Cəmiyyətinə məxsus müştərinin kart hesabından pul oğurlanıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Səbail rayonunda baş verib. İmişli rayon sakini, 1980-cı il təvəllüdlü Anar Mahmudov bankın müştərisinin bank hesabından oğurluq edib. 

Bununla bağlı təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 177.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq törətmək) və 177.2.3-1-ci (elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə oğurluq törətmək) maddələri ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, uzun müddət Rusiya Federasiyasında yaşayıb və usta kimi ev tikib:

“Vasili adlı şəxsi Rusiyada tanımışam. Özüm 2018-ci ildə Rusiyadan Azərbaycana deport olunmuşam. 2023-cü ilin fevral ayı olardı ki, Rusiyanın Saratov şəhərində yaşayan Vasili adlı tanışım mənimlə əlaqə saxladı. Bildirdi ki, internet vasitəsi ilə müəyyən şəxsləri aldadaraq pul əldə edəcək, bununla əlaqədar etibarlı şəxs lazım olduğunu, adına Azərbaycanda bank hesabı olmasını, pulların hesabına yığılmasını və həmin şəxsin bütün pulları ona göndərməsini bildirdi. Vasiliyə köməklik edə biləcəyimi dedim. O, da həmin pulun göndərilməsində köməklik edəcəyim halda, hər köçürməyə görə mənə müəyyən məbləğdə pul verəcəyini bildirdi. Belarusa gedib-gəldiyimə görə fikirləşdim ki, öz adıma bank hesabı açaram, həmin bank hesabına külli miqdarda pul gələr, həmin pulu Rusiyaya köçürərəm, sonradan sərhədi keçən zaman mənə problem olar. Buna görə də qərara gəldim ki, bank hesabını başqa şəxsin adına açım”. 

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2023-cü ilin mart ayının oratalarında tanışı Rahim Mahmudova bu məsələni bildirib:

“Rahim mənə Ramin adlı şəxsin və ya öz bacısının adına olan “Kapital bank” tərəfindən verilmiş kartı verdi. Həmin karta hansı məbləğdə pul köçürülməsini dəqiq xatırlamıram. Lakin bilirəm ki, həmin kartdan 3-5 gün istifadə etmişəm. Sonradan Vasiliy mənə dedi ki, bank tərəfindən verilmiş kartlarda problem var, kartı dəyişim. Buna görə kartı dəyişdim və kartdan istifadə etmədim”.

Təqsirləndirilən şəxs deyib ki, bank kartına köçürülmüş puldan 630 manat qalıb:

“Həmin 630 manat pulu çıxararaq özümə 30 manat götürdüm, qalan 600 manatını isə poçt vasitəsi ilə Vasiliyə göndərdim”. 

İş üzrə zərərçəkmiş şəxsin sözlərinə görə, qardaşı Rafaelə məxsus mopedi “tap.az”da satışa qoyub:

“Martın 19-da qardaşım bildirdi ki, mopedini almaq istəyirlər, və bank kartını göndərmələrini bildiriblər. Həmin gün özümə məxsus bank tərəfindən verilmiş kartımda olan 524 manat pulum bank tərəfindən verilmiş digər kartıma köçürdüm. Kartımda ümumilikdə 637 manat pul qalığı oldu. Daha sonra kartımı qardaşıma verdim. Qardaşım kartın nömrəsini “vatsap”da göndərdi. Bundan sonra bir nəfər qadın zəng vuraraq ilk olaraq mənim şəxsiyyət vəsiqəmin fin kodunu istədi. Mən fin nömrəmi demədim. Bundan sonra həmin qadın telefonuma gələn təhlükəsizlik kodunu istədi. Mən təhlükəsizlik kodunu da vermədim. Həmin qadınla danışan zaman sonuncu saat 16:37-də mənə təhlükəsizlik kodunu göndərdi. Həmin vaxt mobil telefonumda istifadə etdiyim bankın mobil tətbiqinə daxil olma bildirişi gəlmişdi. Qadınla danışığı yarımçıq saxladım, telefonda tətbiqimə daxil olmaq istədim. Bu zaman mobil telefon nömrəmə mesaj gəldi. Mesaja baxan zaman mənə məxsus bank kartımdan 633 manat 15 qəpik pulun çıxarıldığını aşkar etdim. Həmin vaxt telefonumda olan mobil tətbiqə daxil ola bilmədim. Dərhal banka zəng vurdum. Amma hər iki kartlarım da bloklamışdı”. 

Səbail Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrum edilib.

Prime Leasing