“Rahat Supermarket" şəbəkəsinin paytaxtın Binəqədi rayonunda olan filiallarından birində mühafizəçi müştəri qadını döyüb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, hadisə M.Davudoğlu küçəsində yerləşən “Rahat Market”də baş verib.
Belə ki, Lənkəran rayon sakini, 20 yaşlı mühafizəçi Allahşükür Quluzadə qadın müştərinin əlində olan başqa mağazaya məxsus polietilen torba barədə əsassız suallar verib, bu da mübahisəyə səbəb olub.
Mübahisə zamanı mühafizəçi qadın müştəri T.H. üzərinə hücum edərək onun sifət nahiyəsinə yumruq zərbəsi vurub.
Hadisəni barədə məhkəmədə ifadə verən Quluzadə deyib ki, zərərçəkmiş şəxsin mühafizə etdiyi marketdən “Oba” marketə məxsus olan paketlərlə çıxdığını görüb. Gənc mühafizəçi qeyd edib ki, həmin torbalarda olan məhsulların oğurluq olduğunu hesab edib, torbalardakı məhsulları yoxlamaq məqsədi ilə qadından malları haradan almasını soruşub. Müvafiq geyim forması və vəsiqəsinin olmadığını görən müştəri kobud cavab verərək, onun ünvanına nalayiq ifadə işlədib.
"Əvvəlcə təhqiredici ifadələr işlətməməyi bildirsəm də, o, sakitləşmədi. Belə olan halda özümü saxlaya bilmədim və ona bir dəfə yumruq zərbəsi vurdum”, - Allahşükür Quluzadə öz ifadəsində deyib.
Zərərçəkmiş qadın isə edib ki, “Oba” marketdən çıxıb və “Rahat market”ə gedib və aldığı məhsulu saxlanc yerinə qoymayaraq birbaşa istədiyi məhsulu axtarmağa başlayıb:
“Lakin axtardığım məhsulu “Rahat market”də də tapa bilmədiyim üçün kassa tərəfdən oradan çıxmaq istədim. Mənim çıxmağımı kassada dayanan kassir də gördü. Kassirə də əlimdəki məhsulu göstərməklə “Oba” marketdən çörək aldığımı və paketin ora məxsus olmasını dedim. Həmin zaman çıxışa yaxın dayanan sonradan adının Allahşükür olduğunu bildiyim şəxs kassanı keçən zaman məni saxladı və paketdə nə apardığımı soruşdu. “Oba” marketdən aldığım məhsulların olduğunu dedim. Bundan sonra həmin şəxs paketə baxmaq istədi. Mən də razılıq verdim. Amma mühafizəçi mənə təkrar suallar verdiyi zaman aramızda mübahisə yarandı. Sonra məlum hadisə baş verdi”.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Allahşükür Quluzadənin əməli Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilib. Ona 8 ay, 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub, elektron qolbağ taxılıb. Ona təyin olunan cəza müddəti ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməsi də qadağan edilib.