“Hadi İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) statistik hesabatı təqdim etmədiyinə görə cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət 2025-ci il üzrə təqdim etməli olduğu rəsmi statistik hesabatı dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq Şabran Rayon Statistika İdarəsinə təqdim etməyib.
Buna görə də MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə protokol tərtib edilib və baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə “Hadi İnşaat” 400 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, “Hadi İnşaat” 2023-cü ildən fəaliyyət göstərir. MMC-nin direktoru Nəsirli Əminə İlham qızıdır.
Xatırladaq ki, ötən ilin sonu Neftçala Rayon İcra Hakimiyyəti şirkətə Neftçala rayonunda daxili yolların əsaslı təmiri üçün 897 min manat ödəyib, Zərdab Şəhər İcra Hakimiyyəti başçısının Zərdab şəhəri üzrə Nümayəndəliyi abadlıq işlərinə görə 467 min manat ödəyib, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti isə Bakı şəhəri və Biləsuvar rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən mənzillərin, fərdi yaşayış evlərinin, binaların dam örtüyünün və qəsəbədaxili çınqıl yolun təmiri ilə bağlı 1 414 min manat ödəyib.
Beləliklə, hesabatları təqdim etməyən “Hadi İnşaat” MMC 1 ayda 2 779 139 manatlıq sifariş alıb.