“Səmayə Logistic” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) gömrük qaydalarını pozmaqda ittiham edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən şirkətə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə protokol yazılıb.
Protokoldan görünür ki, “Səmayə Logistic” ünvanına gələn mallar “Liman” gömrük postundan keçməklə ölkə ərazisinə daxil olub, idxal bəyannaməsi təqdim edilib, mallar gömrük bəyannaməsi ilə rəsmiləşdirilib.
Rəsmiləşdirilmə zamanı müəyyən edilib ki, şirkət tərəfindən gömrük orqanına təqdim edilən idxal bəyannaməsi mal gömrük sərhədinə gəldikdən 18 dəqiqə sonra verilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə şirkət 1500 manat cərimə edilib.
Qeyd edək ki, “Səmayə Logistic” MMC Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak edib. Həmin iş üzrə Ruslan Eyyubov və digər şəxslər ittiham edilir.
İttihama görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
“Səmayə Logistic” Bakı İdman Sarayının yerləşdiyi Səbail rayonu, Neftçilər prospekti, 26A ünvanında 2021-ci ildə qeydiyyatdan keçib. Kommersiya qurumunun nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Vasib Böyükağa oğlu Zərbəliyevdir.
Sözügedən ünvanda həm də “Araz-Naxçıvan”ın rəhbəri Zaur Axundova məxsus “Səmayə Co LTD” MMC də fəaliyyət göstərir. Bu şirkətin də direktoru V.Zərbəliyevdir.
“Səmayə CO LTD”in balansında 3000, 2000 tonluq neft tankerləri, 2500 tonluq quru yük gəmiləri və digər təyinatlı gəmilər var.
"Səmayə Logistic” şirkətlərinin rəhbəri, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov