“MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) məhkəməyə müraciət edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, MMC-nin baş icraçı direktoru Ağdam Rayon Məhkəməsinə müraciət edərək xam-pambığın istehsalı üçün zəruri olan mallar və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində aparılan işlər) xidmətlərə görə yaranmış 1460 manat borcun qaytarılmasını tələb edib.
İddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışından görünür ki, cavabdeh 994 manat əsas, 431 manat cərimə borcu ödəməlidir.
Məhkəmə iddia tələbini qismən təmin edib, cavabdehdən 994 manat əsas, 10 manat cərimə və ödənilmiş dövlət rüsumu əvəzində 34 manat olmaqla - cəmi 1039 manat pulun tutularaq “MKT İstehsalat Kommersiya” şirkətinə ödənilməsi barədə qətnamə çıxarılıb.
İddianın cərimə borcu tələbinin qalan 421 manat hissəsi rədd edilib.
Bundan başqa, həmin şirkət daha bir vətəndaşa qarşı iddia qaldıraraq 1121 manat əsas, 429 manat cərimə və 35 manat ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 1587 manat pulun ödənilməsi barədə qətnamə çıxarılması xahiş edib.
Bu iddia tələbi də qismən təmin edilib. Cavabdehdən 1121 manat əsas, 10 manat cərimə və ödənilmiş dövlət rüsumu əvəzində 35 manat olmaqla - cəmi 1166 manat tutularaq MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılıb.
İddianın cərimə borcu tələbinin qalan 419 manat hissəsi rədd edilib.
Qeyd edək ki, “MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyəti adını dəyişərək “Prime Cotton” MMC olub.
Şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 15 pambıqçılıq rayonunda pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.