Azərbaycanda borcların yığılması sahəsində fəaliyyət göstərən "KollektA" ASC-nin səhmlərinin 40%-i Mədəd Rüstəmova, 40%-i Camal Aydınova, 20%-i isə Rəşad Səlimova məxsusdur.
Bu barədə Yurd.Media-ya şirkətdəki mənbə bildirib.
Onun sözlərinə görə, M.Rüstəmov həm də "MJ Financial Services" QSC bank olmayan kredit təşkilatında (BOKT) 30%, C.Aydınov isə 70% pay sahibidir. R.Səlimov isə "Neo" ASC BOKT-un səhmlərinin 40%-nə nəzarət edir.
O da məlum olub ki, "KollektA" səhm və istiqraz buraxmağa hazırlaşır. Şirkət qiymətli kağızlarının emissiya prospektlərini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.
Sənədə əsasən, "KollektA" nizamnamə kapitalını 205 min manat və yaxud 51 dəfə artıraraq 4,1 min manatdan 209,1 min manata çatdırmaq istəyir. Kapital artımı üçün dövriyyəyə nominal dəyəri 410 manatdan 500 ədəd yeni səhm buraxılacaq.
"KollektA" həm də kapital bazarından 5 milyon manat dəyərində vəsait cəlb etmək niyyətindədir. Bunun üçün nominal dəyəri 100 manatdan 50 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazın kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur. Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onlara illik 16% gəlirlilik vəd olunur. Faizlər 1 aydan bir ödəniləcək.
Hər iki yerləşdirmə üzrə anderrayter "Troni İnvestisiya Şirkəti" QSC-dir.