“İdeal-İnşaat” Mənzil-Tikinti Kooperativi (MTK) məhkəmə qərarını icra etməməkdə ittiham edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, MTK-nın inşa etdiyi çoxmənzilli binadan zərərçəkmiş şəxsə üç otaqlı mənzilin ayrılması barədə məhkəmə qətnamə çıxarsa da, “İdeal-İnşaat” direktpru bunu icra etməyib.
Belə ki, şirkət tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 134.3 kv.m olan 3 otaqlı mənzilin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün MTK-nın ümumi yığıncağının qərarından çıxarışın, maliyyə arayışının və digər zəruri sənədlərin zərərçəkmiş şəxsə verilməsi öhdəliyi "İdeal-İnşaat” MTK-ya həvalə edilmişdi.
Səbail Rayon Məhkəməsinin qərarı ilə “İdeal-İnşaat” MTK-nın rəhbəri İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə) maddəsi ilə təqsirləndirilərək 1200 manat cərimə edilib.
Bu qərardan MTK-nın direktoru apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.
Qeyd edək ki, buna qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti də "İdeal İnşaat"ı böyük məbləğdə cərimələmişdi. Nazirlik vətəndaşlardan daxil olan müraciət əsasında inşaat şirkətində yoxlamalar keçirib və məlum olmuşdu ki, fəhlələr əmək müqaviləsi olmadan işə cəlb edilib.