Su çatdırılması şirkəti olan "Şirin Su" müştəriləri tərəfindən depozitlərin qaytarılması və xidmət keyfiyyəti ilə bağlı narazılıqlar yayılıb. İddialara görə, boş su bidonları təhvil verildikdən sonra depozitlərin geri ödənilməsi bir aydan artıq gecikir, müştərilərə isə konkret tarix göstərilmədən “qısa zamanda” cavabı verilir.
Şikayətlərdə, həmçinin, zəng mərkəzinə uzun müddət cavab verilməməsi, cavab verildikdə depozit şöbəsinin istirahət günü olduğu bildirilməsi, suyun vaxtında çatdırılmaması, qiymət artımı fonunda xidmət səviyyəsinin və suyun keyfiyyətinin aşağı düşməsi, eləcə də bidonların çirkli vəziyyətdə təqdim edilməsi vurğulanır.
Məsələ ilə bağlı "Şirin Su" şirkətindən Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, depozitlərin qaytarılması adətən daha qısa müddətdə həyata keçirilir, lakin texniki və ya inzibati səbəblərdən yaranan gecikmələr hazırda araşdırılır. Zəng mərkəzindəki yüklənmələrin aradan qaldırılması üçün optimallaşdırma işlərinin aparıldığı, bidonların təmizliyi və suyun keyfiyyətinin isə müvafiq şöbə tərəfindən ciddi nəzarətdə saxlanıldığı qeyd olunur.