“Citizen Transport” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Dövlət Yol Polisinin sorğularına cavab vermədiyinə görə 4 dəfə cərimələnib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən şirkətə məxsus “Isuzu HC45” markalı mikroavtobuslarla yol hərəkəti qaydalarının pozulması faktları ilə bağlı şirkətə sorğular ünvanlanıb.
Sorğularda İnzibati Xətalar Məcəlləsinin 327.1 və 329.1-ci maddələrində nəzərdə tutulan xətaları törətmiş sürücülər barədə məlumatların təqdim edilməsi tələb olunub.
Şirkət sorğulara cavab vermədiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 4 inzibati protokol tərtib edilib.
Binəqədi Rayon Məhkəməsinin qərarları ilə nəqliyyat sahəsində fəaliyyət göstərən “Citizen Transport” MMC hər protokol üzrə 300 manat olmaqla, ümumilikdə 1200 manat cərimələnib.
Qeyd edək ki, “Citizen Transport” MMC ötən aylarda da eyni əmələ görə cərimələnib. İl yarım əvvəl fəaliyyətə başlayan şirkətin direktoru Cavid Şirinovdur.