“Bytelecom” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) hüquqpozma faktı aşkar edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən şirkətdə araşdırma aparılıb.
Araşdırmanın aparılmasına səbəb isə bir nəfərin MMC-dən əmək müqaviləsinin pozuntusu ilə bağlı xidmətə şikayət etməsi olub.
Vətəndaşın şikayəti əsasında “Bytelecom”a göndərilən məktubda qeyd olunan sənədlərin 7 iş günü müddətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə verilməsi tələb edilib. Lakin MMC tərəfindən müvafiq sənədlər təqdim olunmayıb.
Nəticədə şirkət İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə təqsirli bilinib, Səbail Rayon Məhkəməsinin qərarı ilə 2000 manat məbləğində cərimə olunub.
İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən şirkətə həmin məcəllənin 539.3-cü maddəsi ilə tətbiq edilmiş cərimə şərti hesab edilib. “Bytelecom”a törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 1 ay müddət təyin edilib. Hüquqpozmanı aradan qaldırdıqda həmin müddət 1 ay ərzində məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cəriməni ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi MMC-yə izah edilib.