SÜJET
Haqsız rəqabətə yol verməklə rəqabət qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə elektronika və məişət texnikası mallarının satışını həyata keçirən “Baku Electronics” MMC barəsində iş qaldırılıb.
Yurd.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi daxil olmuş məlumatlar əsasında elektronika və məişət texnikası mallarının satışı sahəsində əsas bazar iştirakçılarından olan “Baku Electronics” MMC barəsində rəqabət qanunvericiliyinin tələblərinə uyğun olaraq ilkin araşdırma aparılıb.
Araşdırma nəticəsində “Baku Electronics” MMC tərəfindən “YOSHİRO” əmtəə nişanlı televizorların mənşəyi, hazırlanma üsulu və texnologiyası barədə müştəriləri çaşdıran məlumatlardan və həmin məhsulların mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən (nişandan) istifadə nəticəsində müştəriləri çaşdırmaqla haqsız rəqabətə yol verməsi əlamətləri müəyyən edilib. Həmçinin “YOSHİRO” əmtəə nişanlı televizorların reklamında həmin əmtəə barədə həqiqətə uyğun olmayan məlumatlar verilməklə haqsız rəqabətə yol verilməsi əlamətləri də aşkar olunub.
Qeyd edilən hallarla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən şirkət barəsində rəqabət qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Hazırda işlərə baxılma prosesi davam edir və nəticələri barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Rəqabət Məcəlləsinin tələblərinə əsasən, məhsulun mənşəyi, hazırlanma üsulu və texnologiyası, istifadə üçün yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti və ya başqa xassələri, habelə təsərrüfat subyekti və ya onun sahibkarlıq fəaliyyətinin xüsusiyyəti barədə müştərini çaşdıra və ya aldada bilən hər hansı məlumatlardan istifadə olunması, məhsulun istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən, o cümlədən fərqləndirici nişan, marka və ya işarələrdən istifadə edilməsi və bununla əlaqədar reklamın verilməsi müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlər, haqsız, qeyri-dəqiq və ya gizli reklamdan istifadə etməklə haqsız rəqabətə yol verilməsi isə haqsız rəqabətə səbəb olan qanunsuz hərəkətlər hesab olunur və bu hərəkətlər qadağandır.