SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Baku Electronics müştərisi Qızıl zəmanətin etibarsızlığını aşkarladı

"Baku Electronics" müştərisi "Qızıl zəmanət"in etibarsızlığını aşkarladı

  • 05 avqust 2025, 19:25
Bakı

Bakı şəhərinin ən böyük elektron cihaz satıcılarından biri olan "Baku Electronics" şirkətinin "Qızıl Zəmanət" adlı əlavə xidməti müştəri şikayətinə səbəb olub.

Yurd.Media xəbər verir ki, Firuze Vahid adlı jurnalist sosial şəbəkədə şirkətin Nərimanov filialından alış-veriş etdiyini, əlavə ödəniş müqabilində təqdim edilən zəmanət xidmətinin vədlərinə əməl olunmadığını iddia edir.

Şikayətçinin bildirdiyinə görə, "Baku Electronics"in Nərimanov filialından "Philips Air Styler 3000 Series BHA310/00" modelində daraqlı fen alıb. Satış zamanı mağaza əməkdaşları tərəfindən əlavə 60 manat ödəniş müqabilində "Qızıl Zəmanət" xidmətini almağa məcbur edilib.

"Fen çox işlənməyib, adətən daraqlı başlığı ilə qurutmada istifadə olunub. Amma buna baxmayaraq qısa müddət ərzində başlığı xarab olub," - deyə müştəri bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanununa əsasən, satıcılar məhsulun keyfiyyətinə zəmanət verməli və qüsurlu məhsulların təmiri və ya dəyişdirilməsini təmin etməlidirlər. Əlavə ödənişli zəmanət xidmətləri isə müştəriyə daha geniş imkanlar vəd edir.

Lakin şikayətçi, "Qızıl Zəmanət" ilə mağazaya müraciət etdikdən sonra fenin servisdə düzəldiləcəyi vəd edilsə də, nəticənin qənaətbəxş olmadığını bildirib: "Gedib feni götürmüşük və fen düzəldilməyib. Sadəcə bir başlığı əridilib. Belə dələduzluq olmaz".

Müştəri, nəqliyyat xərclərini də nəzərə aldıqda, əlavə maliyyə itkisinə məruz qaldığını vurğulayıb və "Baku Electronics"i Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edəcəyini bildirib.

Qeyd edək ki, Azərbaycanda elektron cihazlar bazarında rəqabət artdıqca, şirkətlər əlavə xidmətlər təklif edərək gəlirlərini artırmağa çalışırlar. Lakin bu cür xidmətlərin şəffaflığı və keyfiyyəti tez-tez müzakirə mövzusu olur.

Baku Electronics şirkəti 1994-cü ildən fəaliyyət göstərir və hazırda ölkə üzrə 30-dan çox filialı ilə xidmət göstərir.

Prime Leasing