Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən “Bol Market” mağazalar şəbəkəsinə cərimə yazılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, paytaxtın Nəsimi rayonu ərazisində “Bol Market” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməsi faktı aşkar edilib. Həmin inzibati xəta haqqında protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə şəbəkənin rəhbəri təqsirli bilinib və hüquqi şəxsin barəsində 5000 manat məbləğində cərimə təyin olunub.
Bu qərardan mağazalar şəbəkəsi apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.
Qeyd edək ki, "BOL MARKET" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Mirzəyev Rəşad Alim oğludur.
