Nabranda 150-dən çox fərdi yaşayış evi leysandan zərər gördü.
Yurd.Media xəbər verir ki, son günlər aramsız yağan leysan yağışları və çaylarda əmələ gələn sel suları Nabran turizm zonasında ciddi fəsadlar törədib.
İstisu qəsəbəsində fərdi təsərrüfatlara, əkin sahələrinə, yol infrastrukturuna və elektrik təsərrüfatına ciddi ziyan dəyib. Təbii fəlakət nəticəsində qəsəbədə 150-dən çox fərdi yaşayış evi zərər görüb.
Nabran kəndində sel suları evlərin həyətyanı sahələrinə, turizm obyektlərə və kənd yollarına xeyli ziyan vurub.
Rayon ərazisindən keçən çayların məcrasından çıxması nəticəsində Niyazoba kəndində də 105 evə ziyan dəyib. Güclü leysan yağışları zamanı sel sularının digər yaşayış evlərinə zərər vurmasının qarşısını almaq məqsədilə diametri 1500 mm olan əlavə suötürücü dəmir-beton boru quraşdırılıb, eyni zamanda, əraziyə nəqliyyat əlaqəsinin fasiləsizliyini təmin etmək üçün alternativ yol çəkilib.
Hazırda ərazidə xilasetmə, bərpa və yenidənqurma işləri davam etdirilir.