Palçıq vulkanları ətrafında yaradılan turizm imkanları və kompleksə olan turist marağı media nümayəndələrinin iştirakı ilə təqdim edilib.
Yurd.Media xəbər verir ki, mediatur Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib ki, 13 iyun 2024-cü ildə istifadəyə verilən Palçıq Vulkanları Turizm Kompleksi paytaxta gələn turistlərin ən çox səfər etdiyi məkanlardan biridir.
Kompleksdə Turizm İnformasiya Mərkəzi, palçıq vulkanlarının xüsusiyyətləri və minerallar barədə məlumatların təqdim olunduğu sərgi zalı, dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klasların keçirildiyi emalatxana, həmçinin Azərbaycan və dünya faunasına aid 1000-ə yaxın nümunənin sərgiləndiyi təbiət tarixi sərgi zalı fəaliyyət göstərir.
Turistlər kompleksin ərazisində bir sırada düzülmüş 8 sopkadan ibarət “Qılınc” palçıq vulkanını, həmçinin neft püskürən vulkanı yaxından izləyə bilirlər. Bundan başqa, Azərbaycanın və dünyanın ən böyük palçıq vulkanı sayılan, hündürlüyü 402 metr, diametri 150 metr olan “Torağay” palçıq vulkanını da kənardan müşahidə etmək mümkündür.
Murad Ağabəyli qeyd edib ki, palçıq vulkanlarının ətrafında müasir turizm infrastrukturunun yaradılması bu ərazilərdə yerləşən vulkanlar haqqında ictimai maarifləndirməni artırır və onları təbiət irsi kimi təbliğ edir.
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad AğabəyliSədrin sözlərinə görə, 2026-cı ilin yanvar-avqust aylarında Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən qoruq və muzeyləri ümumilikdə 432 296 turist bilet alaraq ziyarət edib. Onların 303 426 nəfəri (70,19%) xarici, 128 870 nəfəri (29,81%) isə yerli turistlər olub. Eyni dövrdə 95 260 nəfər qoruq və muzeyləri ödənişsiz ziyarət edib.
Palçıq Vulkanları Turizm Kompleksini isə 2026-cı ilin yanvar-avqust aylarında ümumilikdə 28 979 nəfər bilet alaraq ziyarət edib. Onlardan 26 235 nəfəri xarici, 2 744 nəfəri isə yerli turistlər olub. 798 nəfər kompleksi ödənişsiz ziyarət edib.
Xarici turistlər dünyanın 150-dən çox ölkəsini təmsil ediblər. Onların arasında Çin, Rusiya, Türkiyə, İsrail, Hindistan, Polşa, Almaniya, İtaliya, Bəhreyn və ABŞ vətəndaşları üstünlük təşkil edib.
Mediatur zamanı jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
FOTO: Sadıq Əliverdibəyli