Turizm şirkətinin sosial şəbəkədə yayımladığı reklamlarla bağlı aparılan araşdırma məhkəmə ilə yekunlaşıb.
Yurd.Media "Plat.az"a istinadən xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Exclusive Travel Baku” MMC barəsində reklam qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilib və işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İş materiallarına əsasən, Agentlik tərəfindən “Exclusive Travel Baku” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 428.6-cı (Reklam haqqında qanunvericiliyin pozulması) və 428.10-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunub.
Belə ki, şirkətin “exclusivetravel_baku” adlı “Instagram” sosial şəbəkə səhifəsində yayımladığı reklamlarda qiymətlər Azərbaycan manatı ilə göstərilməyib, həmçinin reklam edilən vaxt əmtəənin qiyməti və qiymət güzəştləri barədə həqiqətə uyğun olmayan məlumatlar verilib.
Məhkəmə iclasında protokolu tərtib edən qurumun nümayəndəsi bildirib ki, vətəndaş Agentliyə müraciət edərək “exclusivetravel_baku” adlı “Instagram” səhifəsində yayımlanan reklam kampaniyasının şərtlərinə əməl edilmədiyini söyləyib.
Agentlik nümayəndəsinin sözlərinə görə, vətəndaş reklamda göstərilən şərtlərlə bağlı “Exclusive Travel Baku” MMC ilə əlaqə saxladıqda, ona 669 ABŞ dolları məbləğinə aviabiletin daxil olmadığı bildirilib. Halbuki, sosial şəbəkədə yayımlanan reklamda 669 ABŞ dolları qiymətinə daxil olan xidmətlərin siyahısında aviabiletin də olduğu göstərilib.
Beləliklə, Agentliyin mövqeyinə əsasən, reklamda istehlakçıya təqdim olunan məlumatla şirkət tərəfindən sonradan verilən məlumat arasında uyğunsuzluq yaranıb.
Agentlik nümayəndəsi hesab edib ki, şirkətin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 428.6 və 428.10-cu maddələrində nəzərdə tutulan inzibati xətaların tərkibi mövcuddur. Bu səbəbdən MMC-nin inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati tənbeh tətbiq edilməsi məhkəmədən xahiş edilib.
Məhkəmə iclasında “Exclusive Travel Baku” MMC-nin nümayəndəsi çıxış edərək şirkətin öz fəaliyyətində heç vaxt qanunsuzluğa yol vermədiyini qeyd edib.
Bununla belə, məhkəmə iş materiallarını, inzibati xəta haqqında protokolu və tərəflərin izahatlarını araşdırdıqdan sonra şirkətin inzibati xəta törətdiyi qənaətinə gəlib.
Məhkəmənin qərarı ilə “Exclusive Travel Baku” MMC İnzibati Xətalar Məcəlləsinin 428.6 və 428.10-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib. Şirkət barəsində həmin Məcəllənin 428.10-cu maddəsinin sanksiyası həddində 1 000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilib.
Qeyd edək ki, “Exclusive Travel Baku” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə, Mehtiyev Fərid Rizvan oğludur. Şirkət turizm sahəsində fəaliyyət göstərir.