SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Omanda yaşamış mütəxəssis: “Yarımada ərəblərinin dünyagörüşü tam fərqlidir”

Omanda yaşamış mütəxəssis: “Yarımada ərəblərinin dünyagörüşü tam fərqlidir”

Azərbaycanda son illər turizm ən sürətlə inkişaf edən sahələrdən birinə çevrildiyindən ölkəyə gələn turistlərin sayı daim artmaqdadır. Bu, turizm sektoruna gəlir gətirsə də, bəzi xarici vətəndaşların davranışı yerli əhalinin narazılığına səbəb olur.

Belə problemlər tək Azərbaycan üçün yox, həm də turizmlə dolanan bir çox dövlətlərdə mövcuddur. İspaniya, Fransa. Portuqaliyada hətta turistlərə qarşı ara-sıra etiraz aksiyaları da keçirilir.

Azərbaycanda əhalinin narazılığı əsasən ərəb turistləri ilə bağlı olur. Ərəb turistlərinin davranışı ilə bağlı müzakirələr daim sosial mediada müzakirə mövzusudur. Bu mövzu ilə bağlı Yurd.Media-ya uzun illər ərəb ölkələrində yaşamış musiqişünas, hazırda Azərbaycan Milli Konservatoriyasının piano müəllimi Mətanət Azimanlı fikirlərini bölüşüb.

M. Azimanlı deyib ki, 2011–2021-ci illərdə Ərəbistan yarımadasında yerləşən Oman Sultanlığında yaşayıb və peşəsi üzrə fəaliyyət göstərib:

"Ərəb ölkələri” deyəndə ümumiləşdirmək doğru deyil. Onlar eyni dil və dinə malik olsalar da, müxtəlif mentalitet və həyat tərzinə sahibdirlər. Necə ki, türk xalqlarında müxtəliflik var, eləcə də onlar seçilirlər. Yarımada ərəbləri ilə Şimali Afrikada yaşayanların dünyagörüşü tam fərqlidir ", – musiqişünas bildirib.

Onun sözlərinə görə, Tunis, Mərakeş, Əlcəzair və Misirdən olan ərəblər təhsilə və mədəniyyətə daha çox önəm verirlər:

"Tunis, Mərakeş, Əlcəzair və Misir ərəbləri musiqiyə, incəsənətə, təhsilə həssas yanaşır və bu istiqamətdə inkişaf edirlər. Oman və Səudiyyə Ərəbistanında yaşayan ərəblər isə daha sadə, ailəcanlıdırlar. Onlar çoxuşaqlı ailələrə malikdirlər, qonaqpərvər və mehriban insanlardır". 

M. Azimanlı Oman xalqının xarakterik xüsusiyyətləri barədə də danışıb:

"Oman vətəndaşlarında bəzən riyakarlıq özünü büruzə verir. Yəni arxaca danışmaq bir növ insanlarda adətə çevrilib, lakin bunu üzünə bildirmirlər. Türk xalqları isə əksinədir, əgər səni sevmirlərsə, hansısa hərəkətlə bunu birbaşa hiss etdirirlər".

M. Azimanlı hesab edir ki, savadlı və təhsilli ərəb turisti heç vaxt özünü nalayiq aparmır:

"Təhsilli insan hər yerdə mədəni davranır. Təhsilsiz insan isə daha çox əyləncə və rahatlıq axtarır, mədəniyyət və muzeylərə maraq göstərmir. Mənim Əlcəzairdən tələbəm var idi, 5 dil bilirdi, dünyanın bir çox ölkəsində olmuşdu. Belə insanlar yerləşdiyi cəmiyyətin dəyərlərinə hörmətlə yanaşırlar".

O, həmçinin qeyd edib ki, keçən il Azərbaycana gələn, təqaüddə olan həmkarı muzey və tarixi məkanları gəzmiş, yerli mədəniyyətə heyran qalmışdı.

Piano müəlliminin sözlərinə görə, problem əsasən yarımada ölkələrindən gələn bəzi turistlərin davranışındadır:

"Belə qeyri-etik davranışı əsasən yarımada ərəb turistlərində görürük. Azərbaycan dövləti və xalqı kifayət qədər tolerantdır, amma bizdə qonaqpərvərlik bəzən həddindən artıqdır. Qonaq yuxarı başda oturur, amma davranışı yerində olmalıdır”.

M. Azimanlı yay aylarında ərəb turistlərinin Şəhidlər Xiyabanında çəkdiyi nalayiq video ilə bağlı müzakirələrə də münasibət bildirib:

"Yarımada ərəblərinin qəbiristanlığa münasibəti bizimkindən xeyli fərqlidir. Orada qəbiristanlıqlar çox sadə olur, qəbirlərdə başdaşı və şəkil olmur. İnsanlar qəbirləri nadir hallarda ziyarət edir və bu məsələyə emosional yanaşmırlar. Amma bu, onlara başqa ölkədə özlərini sərbəst aparmaq və qeyri-etik hərəkətlər etmək haqqını vermir".

M. Azimanlı hesab edir ki, belə halların qarşısı ciddi nəzarət və cərimələrlə alınmalıdır:

"Bu kimi hərəkətlər qəbuledilməzdir. Dövlət belə halları nəzarətdə saxlamalı, qayda pozanlara qarşı sərt tədbirlər görməlidir”.

M. Azimanlı problemin həllini həm maarifləndirmə, həm də hüquqi mexanizmlərin gücləndirilməsində görür:

"Şəhərdə ilk növbədə özümüz nümunəvi davranmalı, gələn qonağa doğru yol göstərməliyik. Cahil insanı isə anlatmağın ən sadə yolu cəza və cərimə tətbiq etməkdir".

O, həmçinin bildirib ki, hər bir turist yerləşdiyi ölkənin qaydalarına hörmətlə yanaşmalıdır:

"Qonaqpərvərlik gözəldir, amma həddi olmalıdır. Kimsə bir evə qonaq gəlirsə, orada hörmətsizlik edə bilməz. Ev sahibinin qaydalarına uyğunlaşmaq vacibdir".

Qeyd edək ki, bir sıra turizm ölkələrində qonaqlara xüsusi kitabçalar təqdim olunur. Bu kitabçalarda həm ölkənin maraqlı yerləri, həm də qanunlar və cərimələr barədə məlumat verilir.

Prime Leasing