Bakıdan 59 kilometr məsafədə, Qobustan qəsəbəsinin yaxınlığında yerləşən Palçıq Vulkanları Turizm Kompleksi Azərbaycanın ən maraqlı və özünəməxsus turizm məkanlarından biridir. Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada birinci yerdədir. Dünyadakı 2 mindən çox palçıq vulkanının 350-dən çoxu məhz ölkəmizin ərazisində yerləşir və növ müxtəlifliyinə görə Azərbaycan bu sahədə unikal mövqeyə malikdir.
Bu ərazi yalnız geoloji xüsusiyyətləri ilə deyil, həm də mədəni əhəmiyyəti ilə seçilir. Burada "Dədə Qorqud", "Başsız Atlı" və digər məşhur filmlərin çəkilişləri aparılıb.
Palçıq Vulkanları Turizm Kompleksinin bələdçisi Sevinc Hacıyeva Yurd.Media-ya bildirib ki, kompleksin ümumi ərazisi 12 hektara yaxındır. Ziyarətçilərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi piyada yolları salınıb və həmin marşrutlardan kənara çıxmaq qəti qadağandır.
Palçı Vulkanları Turizm Kompleksinin bələdçisi Sevinc HacıyevaOnun sözlərinə görə, ərazidə gürzə ilanları, əqrəblər və digər canlılar yaşayır. İndiyədək ilan sancması hadisəsi qeydə alınmasa da, ehtiyat tədbiri olaraq kompleksdə ilan zəhərinə qarşı dərman vasitələri saxlanılır.
Bələdçi qeyd edib ki, kompleks bir neçə hissədən ibarətdir. Burada Turizm İnformasiya Mərkəzi, Təbiət və Geologiya Sərgi Zalı, panoram müşahidə meydançası, restoran və inzibati bina fəaliyyət göstərir.
Turizm İnformasiya Mərkəzində ziyarətçilər üçün bir neçə maraqlı sərgi təşkil olunub. Onlardan biri müxtəlif minerallardan ibarət kolleksiyadır. Burada 80-ə yaxın mineral nümunəsi nümayiş etdirilir. Sevinc Hacıyevanın sözlərinə görə, hər bir daşın özünəməxsus xüsusiyyətləri var və onların ətrafında müxtəlif əfsanələr formalaşıb. Mərkəzdə həmçinin dulusçuluq və neftlə rəsm çəkmə emalatxanaları fəaliyyət göstərir.
Təbiət və Geologiya Sərgi Zalında nümayiş olunan ən maraqlı eksponatlardan biri Binəqədi faunasına aid tapıntılardır. Burada qədim dövrlərdə yaşamış müxtəlif heyvanların sümük qalıqları nümayiş etdirilir. Ziyarətçilər sərgidə dildən, siçanabənzər canlılara qədər müxtəlif növlərin qalıqlarını görə bilirlər. Eyni zamanda həşəratlar, ilanlar, əqrəblər və digər canlıların nümunələri də təqdim olunur.
Kompleksin əsas cazibə nöqtəsi isə Qılınc (Pirəkəşkül) palçıq vulkanıdır. Burada bir xətt boyunca yerləşən səkkiz vulkan sopkası mövcuddur. Bələdçinin sözlərinə görə, bu ərazi sanki canlı bir orqanizmi xatırladır. Hər vulkanın özünəməxsus fəaliyyəti və davranışı var. Bəzən torpaq şişərək yeni təpəciklər əmələ gətirir, bəzən isə həmin formalar zamanla yox olur.
"Palçıq vulkanları öz həyatını yaşayır. Onların nə vaxt püskürəcəyini dəqiq müəyyən etmək mümkün deyil", – deyə Sevinc Hacıyeva bildirib.
Onun sözlərinə görə, palçıq vulkanları neft, qaz, yeraltı sular və torpaq qatlarının qarşılıqlı təsiri nəticəsində yaranır. Vulkanların xüsusiyyətləri həmin komponentlərin faiz nisbətindən asılı olaraq dəyişir.
Qeyd edək ki, Palçıq Vulkanları Turizm Kompleksinin rəsmi açılışı 13 iyun 2024-cü ildə baş tutub. Fəaliyyət göstərdiyi qısa müddət ərzində kompleks həm yerli, həm də xarici turistlərin ən çox ziyarət etdiyi məkanlardan birinə çevrilib.
Kompleksin əsas üstünlüklərindən biri də burada çalışan bələdçilərin peşəkarlığıdır. Onlar ziyarətçilərə yalnız elmi məlumatlar təqdim etmir, həm də bu torpağın tarixini, əfsanələrini və maraqlı hekayələrini danışaraq sanki qonaqları sirli və qədim bir dünyanın içinə aparırlar. Məhz bu xüsusiyyət Palçıq Vulkanları Turizm Kompleksini sadəcə ekskursiya məkanı deyil, həm də unudulmaz təəssüratlar yaradan bir səyahət nöqtəsinə çevirir.
FOTO: Sadıq Əliverdibəyli