Azərbaycan zəngin tarixi, mədəniyyəti və təbii sərvətləri ilə hər zaman dünyanın diqqət mərkəzində olub. Neft və qaz ehtiyatlarının bolluğu səbəbindən ölkəmiz əsrlər boyu "Odlar Yurdu" kimi tanınıb. Bu adın ən parlaq simvollarından biri isə Abşeron yarımadasında yerləşən Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğudur.
Qoruğun bələdçisi İlahə Eyvazlı Yurd.Media-ya bildirib ki, Yanardağ xarici turistlərin ən çox maraq göstərdiyi turizm məkanlarından biridir. Onun sözlərinə görə, adi günlərdə qoruğu orta hesabla 300 nəfər ziyarət edir. Turizm mövsümündə və bayram günlərində isə ziyarətçilərin sayı 1500 nəfərə qədər yüksəlir.

Yanardağ Abşeron rayonunun Məmmədli kəndi ərazisində yerləşir. Dağın yamacında təxminən 10 metr uzunluğunda alov zolağı fasiləsiz yanır. Bu alov yerin dərin qatlarından çıxan təbii qazın oksigenlə təmasda olması nəticəsində yaranır. Maraqlıdır ki, alov yağışlı və küləkli havalarda belə sönmür. Əksinə, yağış damcılarının fonunda alov daha möhtəşəm və cəlbedici görünür.
Qoruq ərazisi təkcə yanan dağdan ibarət deyil. Burada müasir muzey kompleksi, sərgi salonları, amfiteatr, ziyarətçi mərkəzi və qədim od mədəniyyətini əks etdirən ekspozisiyalar fəaliyyət göstərir. Muzeydə Azərbaycanın geoloji quruluşu, neft-qaz yataqları, odla bağlı inancları və Zərdüştilik dövrünə aid məlumatlar nümayiş etdirilir.
Qoruğun bələdçisi İlahə EyvazlıBələdçi vurğulayıb ki, tarixçilərin fikrincə, Yanardağın və ümumilikdə Abşeron yarımadasındakı təbii alovların tarixi minilliklərə gedib çıxır. Onun sözlərinə görə, qədim dövrlərdə insanlar bu alovları ilahi qüvvənin təzahürü hesab edir, burada ibadətlər edir, dualar oxuyur və qurbanlar gətirirdilər. Məhz bu səbəbdən Abşeron ərazisi qədim od məbədlərinin və odpərəstlik ənənələrinin mərkəzlərindən biri olub.
İ. Eyvazlı bildirib ki, məşhur venesiyalı səyyah Marko Polo da XIII əsrdə Şərqə səyahəti zamanı Azərbaycan torpaqlarından keçərək burada müşahidə etdiyi təbii alovlar haqqında qeydlər aparıb.
"O, Bakı ətrafında torpaqdan çıxan neft və qazın yaratdığı alovlardan bəhs edərək bu hadisəni dünyanın ən maraqlı təbii möcüzələrindən biri kimi təsvir edib. Marko Polo öz qeydlərində bölgədə yerin altından çıxan yanar maddələrin insanların gündəlik həyatında istifadə edildiyini, həmin alovların uzaq ölkələrdən gələn səyyahları heyrətləndirdiyini yazıb. Onun qeydləri sayəsində Avropada Azərbaycan "odlar ölkəsi" kimi tanınmağa başlayıb. Tarixçilər hesab edirlər ki, Marko Polonun bəhs etdiyi təbii alov mənbələri arasında Yanardağ və Abşeronun digər yanar sahələri də olub,"-bələdci danışır.

Bu gün Yanardağ Azərbaycanın ən məşhur turizm marşrutlarından biridir. Qoruq həm ölkəmizin təbii sərvətlərini, həm də qədim od mədəniyyətini dünyaya tanıdır.
Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşlarından əlilliyi olan bütün şəxslər, azyaşlı uşaqlar və məktəblilər, müharibə veteranları, qazilər və onların birinci dərəcəli ailə üzvləri, şəhidlərin birinci dərəcəli ailə üzvləri üçün qoruq və muzeylərə giriş ödənişsizdir. Xarici ölkə vətəndaşlarının 12 yaşınadək uşaqları da qoruğa ödənişsiz daxil ola bilirlər.

Bundan əlavə, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının üzvü olan bələdçilər və Dövlət Turizm Agentliyinin müvafiq sertifikatını almış bələdçilər qoruq və muzey ərazilərinə ödənişsiz giriş hüququna malikdirlər.
Yanardağ dünyanın rəsmi yeddi möcüzəsi sırasında yer almasa da, minilliklərdir yanan alovu, zəngin tarixi və bənzərsiz təbii xüsusiyyətləri ilə Azərbaycanın və dünyanın ən maraqlı təbiət abidələrindən biri hesab olunur.
FOTO: Sadıq Əliverdibəyli