SÜJET
İlboyu çoxsaylı beynəlxalq tədbir və sərgilərdə ölkənin, eləcə də bölgələrin turizm imkanlarını və müxtəlif turizm məhsullarını tanıtmaq üçün turizm şirkətləri və hotellərin iştirakı ilə təmsilçilik təmin edilir, genişmiqyaslı marketinq və kommunikasiya tədbirləri görülür.
Bu barədə Yurd.Media-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.
Məlumata görə, bu il ərzində “Euronews”, “CNN”, “ANEWZ” kanallarında və onların veb səhifələrində reklamlar yerləşdirilib.
Həmçinin Azərbaycanln turizm imkanları müxtəlif yerlərdə video-çarx vasitəsilə də nümayiş etdirilir:
“2025-ci ilin birinci yarımilliyində hədəf bazarlarında irimiqyaslı rəqəmsal marketinq və reklam kompaniyasının aparılması məqsədilə “Expedia”, “Wego”, “Wechat”, “Weibo”, “RedNote” və “Douyin” qlobal platformaları ilə əməkdaşlıqlar həyata keçirilib".
Çol reklamlarına gəlincə, Moskva şəhərində müxtəlif növ çöl reklamları, "Aeroekspress" qatarlarının, həmçinin Şeremetovo və Domodedovo Hava Limanlarında yerləşən LED ekranda təbliğat xarakterli videolar, Türkiyənin İstanbul Hava Limanında ölkəmizin turizm imkanlarını əks etdirən təbliğat video-çarxlar, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycan Hava Yollarının (AZAL) təyyarələrində Azərbaycanın turizm imkanlarının təbliğatına həsr olunan video-çarxlar nümayiş etdirilib.
Agentlik tərəfindən turizmin təbliği vasitəsilə sərgilərdə görülən fəaliyyət barədə də məlumat verilib.
Belə ki, bu ilin I yarısında 13 beynəlxalq turizm sərgilərində ölkə stendi quraşdırılaraq yerli turizm şirkətlərinin iştirakı ilə ölkəmizin turizm potensialı barəsində hərtərəfli məlumatın çatdırılması və yeni əməkdaşlıqların qurulması təmin edilib. Avstriyanın paytaxtı Vyanada keçirilən “Ferien-Messe Wien 2025”, İspaniyanın Madrid şəhərində keçirilən “FITUR 2025”, Hindistanın Mumbay şəhərində keçirilən “OTM Mumbai 2025”, Pakistanın Karaçi şəhərində keçirilən “PTM 2025”, Türkiyənin İstanbul şəhərində keçirilən “EMITT 2025”, Hindistanın Nyu-Delhi şəhərində keçirilən “SATTE 2025”, Almaniyanın Berlin şəhərində keçirilən “ITB Berlin 2025”, Russiyanın Moskva şəhərində keçirilən “MITT 2025”, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “ATM Dubai 2025”, Qazaxıstanın Almatı şəhərində keçirilən “KITF 2025”, İsrailin Təl-Əviv şəhərində keçirilən “IMTM 2025”, Çinin Şanxay şəhərində keçirilən “ITB China 2025” və Cənubi Koreyanın Seul şəhərində keçirilən “SITF 2025” sərgilərində ümumilikdə 75 yerli tərəfdaşla birgə Azərbacanın potensialı təbliğ olunub.