SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Xarici diplomların tanınması: Eyni istiqamət, fərqli yanaşmalar - ARAŞDIRMA

Xarici diplomların tanınması: Eyni istiqamət, fərqli yanaşmalar - ARAŞDIRMA

Xaricdə təhsil almaq istəyən Azərbaycan vətəndaşlarının sayı ildən-ilə artır. Xarici universitetlərdə müxtəlif ixtisaslar üzrə təhsil alan və məzun olduqdan sonra ölkəyə qayıdan şəxslər üçün isə əsas məsələlərdən biri əldə etdikləri diplomun Azərbaycanda tanınmasıdır.

Xarici diplomların tanınması zamanı təhsilin hansı ölkədə və hansı universitetdə alınmasından tutmuş ixtisasın məzmununa, təhsil səviyyəsinə və Azərbaycandakı uyğunluğuna qədər bir sıra məsələlər nəzərə alınır. Lakin xüsusilə Azərbaycanda birbaşa qarşılığı olmayan və ya yeni formalaşan ixtisaslar üzrə təhsil alan məzunların diplomlarının hansı meyarlarla qiymətləndirilməsi əsas məsələdir.

Bəs xaricdə əldə olunan diplomun Azərbaycanda tanınması zamanı hansı meyarlar əsas götürülür? İxtisasın ölkədə eyni adla mövcud olması əsas şərtdirmi, yoxsa xaricdə alınan təhsilin məzmunu və əldə edilmiş kvalifikasiya da nəzərə alınır?

Xaricdə təhsil alan bir qrup tələbə Yurd.Media-ya açıqlamasında diplomların tanınması ilə bağlı qarşılaşdıqları problemlərdən danışıb.

Bildirilib ki, təhsilini öz vəsaiti hesabına alan şəxslərin diplomlarının Azərbaycanda tanınması zamanı ixtisas uyğunluğu əsas məsələlərdən biri kimi qarşıya çıxır. Xaricdə biologiya istiqamətində kök hüceyrələri və ya tibbi genetika üzrə təhsil alan şəxsin Azərbaycanda həmin ixtisaslaşmaya birbaşa uyğun ixtisası olmadığı halda diplomunun hüceyrə biologiyası, histologiya, sitologiya və digər yaxın ixtisaslardan biri ilə uyğunlaşdırıldığı qeyd olunur.

Əgər xaricdə alınmış ixtisasın Azərbaycanda birbaşa qarşılığı yoxdursa, diplomun məhz yaxın ixtisaslardan biri ilə uyğunlaşdırılması hansı konkret meyar əsasında müəyyən edilir? Tədris olunan fənlərin siyahısı, kreditlər, təhsil proqramı və dissertasiya mövzusu nəzərə alınır?

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Yurd.Media-ya bildirilib ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının Azərbaycanda tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları” əsasında həyata keçirilir.

Məlumata görə, xarici kvalifikasiyanın ekvivalent ixtisası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli qərarı ilə təsdiq edilmiş bakalavriat, əsas (baza ali) tibb təhsili və magistratura səviyyələri üzrə ixtisasların təsnifatlarına uyğun olaraq müəyyən edilir.

Eyni zamanda qeyd olunub ki, Azərbaycanda mövcud olmayan xarici kvalifikasiyaların alternativ akademik tanınması da mümkündür. Belə halda kvalifikasiya ya verildiyi ölkədə aid olduğu təhsil səviyyəsindən daha aşağı səviyyə üzrə, ya da eyni təhsil səviyyəsində, lakin fərqli kvalifikasiyaya uyğun olaraq tanına bilər. Agentlik bunun bütün müraciətçilərə münasibətdə tətbiq edildiyini qeyd edib.

Qurumdan həmçinin bildirilib ki, magistratura səviyyəsində ixtisas seçimi bakalavriat səviyyəsində əldə edilmiş ixtisasdan asılıdır və bu zaman Dövlət İmtahan Mərkəzinin hər il dərc etdiyi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” əsas götürülür. Xarici kvalifikasiyaların tanınması zamanı da bu meyar nəzərə alınır.

Qeyd olunub ki, peşə tanınması zamanı müəyyən ixtisaslar üzrə ərizəçinin peşə kompetensiyalarının Azərbaycanda mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarına uyğunluğu müəyyən edilir. Tibb və səhiyyə ixtisasları üzrə isə uyğunluq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş tələblər əsasında və Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydaya uyğun olaraq qiymətləndirilir.

Qurumdan o da bildirlib ki, Dövlət Proqramı çərçivəsində xaricdə ali təhsil almış şəxslər üçün də müəyyən güzəştlərin nəzərdə tutulur. Belə ki, qaydalara əsasən, dövlət proqramları və bəzi digər beynəlxalq və hökumətlərarası proqramlar çərçivəsində əldə edilmiş kvalifikasiyalara sənədlərin leqallaşdırılması ilə bağlı müəyyən tələblər şamil edilmir.

Bununla yanaşı, biologiya üzrə bakalavr təhsili alaraq xaricdə tibbi genetika üzrə magistratura təhsili alan şəxsin diplomunun konkret olaraq hansı ixtisas üzrə tanınacağı, bu zaman tədris proqramı, keçilmiş fənlər, kreditlər və dissertasiya işinin necə qiymətləndiriləcəyi barədə konkret mövqe TKTA tərəfindən açıqlanmayıb.

Skat.az - Ev və Avtomobil elanları