Azərbaycanda bakalavr təhsilinin 1 il azaldılması müzakirə olunur.
Yurd.Media-nın məlumatına görə, Milli Məclisin deputatı professor Eldar Quliyev parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında deyib ki, universitetlərin bakalavr pilləsinin müddətinin 4 ildən 3 il yarıma, 3 ilə qədər endirilməsi təcrübəsi dünya praktikasında mövcuddur və bu məsələyə Milli Məclisin Elm və təhsil komitəsi Elm və Təhsil Nazirliyi ilə birlikdə yenidən baxa bilər.
O qeyd edib ki, təhsilin inkişafı üçün bu cür dəyişiklikləri dəyərləndirmək məqsədəuyğundur:
"Magistratura pilləsinə gəlincə, bu müddətə də yenidən baxıla bilər. Əksər ölkələrdə magistratura müddəti bir ildir. Düzdür, ABŞ-də və başqa bəzi inkişaf etmiş ölkələrdə elə universitet var, 2 illik magistr təhsili verir. Amma ümumilikdə bu müddətin Azərbaycanda bir ilə endirilməsinə yenidən baxıla bilər".
Deputat onu da əlavə edib ki, Azərbaycanda universitetlərdə ixtisas üzrə təcrübə dövrü əsasən son kursda və bir növ formal şəkildə həyata keçirilir:
"Yəni, tələbəni hansısa müəssisəyə təcrübəyə göndərirlərsə, gedir, qol çəkir, qayıdır. Halbuki tələbələr öz ixtisası üzrə təcrübə keçməlidirlər. Amma xarici ölkələrdə belə deyil. Universitetin tələbidir ki, gənc mütləq göndərilən yerdə təcrübədə gedib iştirak etməli, bununla bağlı hesabat verməlidir. Bu prosesdə iştirakı da tələbənin biliyinin qiymətləndirilməsində mühüm rol oynayır".