SÜJET
Zabrat-Maştağa şossesindəki körpünün yaxınlığında yerləşən iki hündürmərtəbəli tam hazır olmayan bina artıq uzun müddətdir ki, diqqət mərkəzindədir. Yurd Media-nın apardığı fotoreportaj zamanı məlum olub ki, binanın yaşayış hissəsi tam hazır deyil, alt hissəsi su ilə dolub, arxa tərəfdə isə qazıntı işləri başa çatdırılmadığı üçün ciddi təhlükə mənbəyi olaraq qalır.
Məsələ ilə bağlı daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Yurd Media-ya açıqlamasında bildirib ki, binanın tikintisinə təxminən 20 il öncə başlanılıb. Onun sözlərinə görə, o dövrdə bir çox mütəxəssis bu binaya tikinti icazəsinin verilməsinə təəccüblə yanaşmışdı:
“Ərazi bataqlıq zonasında yerləşir, ətrafında dəmir yolu xətti və müxtəlif kommunikasiya xətləri keçir. Bütün bu amillər bu cür iri həcmli tikinti üçün risklidir”.
Ekspert əlavə edib ki, tikintini həyata keçirən şirkət uzun illər maliyyə çətinlikləri ilə üzləşib və tikinti prosesini dayandırmalı olub. Lakin bir çox sakin artıq ödəniş etdiyi üçün binanı yarımçıq vəziyyətdə olsa da, istifadəyə veriblər.
Ekspert qeyd edir ki, qanunvericiliyə əsasən, istismara verilməyən binada yaşayışa icazə yoxdur. Amma təəssüf ki, bir çox hallarda sakinlər artıq ödəniş etdiklərinə görə oraya köçür və dövlət qurumları istismar aktına imza atmır”.
E. Azadovun sözlərinə görə, hazırda Azərbaycanda bu kimi 70-dən çox bina var və orada qanunsuz şəkildə yaşayış davam edir. O hesab edir ki, bu vəziyyətin əsas məsuliyyəti tikinti şirkətinin üzərindədir.
Ekspert bildirir ki, binanın aşağı hissəsində 4 mərtəbəli qeyri-yaşayış sahəsi nəzərdə tutulub. Burada ticarət və ofis sahələrinin yaradılması planlaşdırılsa da, bu sahələr də tamamilə yararsız vəziyyətdədir və heç bir şəkildə istifadə olunmur:
“Bu, bir daha göstərir ki, binanın layihələndirilməsi mərhələsində ciddi səhvlərə yol verilib. Nə yerləşmə düzgün seçilib, nə də infrastruktur tələblərinə əməl olunub. Nəticədə, həm təhlükə, həm də ciddi sosial problem yaranıb”.
Fövqaladə Hallar Nazirliyindən (FHN) Yurd Media-nın sorğusuna cavab olaraq bildirib ki, Məmmədli kəndində yerləşən AN-İNŞAAT MTK-ya məxsus bu yaşayış kompleksinin tikintisi müvafiq sərəncama əsasən həyata keçirilib. Kompleksin birinci və ikinci bloklarında tikinti işləri başa çatsa da, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən "istismara hazırlıq aktı" verilməyib.
Azəriqaz İB-nin şöbə rəisi Eldəniz Vəliyev bildirib ki, binanın aşağı hissəsi qeyri-yaşayış sahəsidir, lakin üst hissəsi 2025-ci ildə istismara verilib və qaz təchizatı təmin olunub.
Su ilə bağlı isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, onlar yalnız suyun anbara qədər ötürülməsinə cavabdehdirlər, daxili paylanma MTK tərəfindən həyata keçirilir.
Hazırladığımız reportajdan bir daha görünür ki, tikinti prosesində şəffaflıq, nəzarət və qanunlara riayət vacibdir. Əks halda, həm sakinlər, həm də şəhər infrastrukturu üçün təhlükə yaranır. Hazırda bu binada yaşayan ailələrə qeyri-müəyyənlik içindədir və məsələ ilə bağlı aidiyyəti qurumlardan ciddi addımlar gözlənilir.