Son zamanlar yerli və xarici kərə yağların kəskin bahalaşması və onun keyfiyyəti insanları narahat edir.
Yurd.Media "İctimai TV"-yə istinadən xəbər verir ki, vətəndaşlar yerli bazarda satılan yağların xaricdən gətirilən məhsullarla müqayisədə münasib olduğunu bildirirlər. Bəzi məhsullar keyfiyyət və dad baxımından qənaətbəxşdir, lakin tanınmış markaların indi bazarda tapılmaması istehlakçılarda narahatlıq doğurur.
Əsas problemlərdən biri də "kərə yağı" adı ilə satılan, lakin tərkibi bitki mənşəli yağlarla zəngin olan məhsullardır. Ekspertlər bildirirlər ki, məhsulun keyfiyyətini yalnız etiketdəki məlumatlara görə deyil, ev şəraitində də yoxlamaq mümkündür. Məsələn, əgər yağ otaq temperaturunda yumşaldıqda suya çevrilirsə və ya qızardarkən həddindən artıq tüstülənirsə, bu, onun tərkibində bitki yağlarının üstünlük təşkil etdiyini göstərə bilər.
Qida üzrə ekspert Seymur Qafarov bildirir ki, açıq satılışda olan yağların rənglərinə müştərilər diqqət yetirsin – bir tərəfi daha açıq, digəri daha tünd olan yağlarda mütləq rəng vurulur. Ekspert vurğulayır ki, eyni zamanda etiketin üzərində qeyd olunmuş 100 qramda olan qida və enerji məlumatlarına da diqqət yetirsinlər.
S. Qafarovun sözünə görə, hazırda bazarda olan kərə yağlarının bir hissəsi yerli istehsal olsa da, xammalın mühüm hissəsi xaricdən gətirilir.
İqtisadçı İdi Kərimli bildirib ki, heyvandarlığın hazırkı inkişaf səviyyəsi bu sahədə tələbatı tam qarşılamır. Buna görə də bəzi müəssisələr istehsal prosesini ölkə daxilində aparsalar da, əsas komponentləri idxal edirlər.
İqtisadçı vurğulayıb ki, ölkələr arasında idxal olunan məhsullara tətbiq edilən vergilər, gömrük rüsumları və digər şərtlər qiymətlərə birbaşa təsir göstərir. Belə fərqlər də qiymətlərin ölkədən-ölkəyə dəyişməsinə səbəb olur.
Qida Təhlükəsizliyi Agentliyi isə ölkəyə daxil olan və ölkə daxilində istehsal olunan yağlara nəzarət edir. Uyğunsuzluq aşkarlanan məhsullar satışdan geri çağırılır və qanunvericiliklə müəyyən edilmiş məsuliyyət tədbirləri tətbiq edilir.
Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilsə də, sualımıza cavab almaq mümkün olmayıb. Bu səbəbdən istehlakçılar yağ alarkən xüsusilə məhsulun etiketinə, qablaşdırmasına və orijinal görünüşünə diqqət yetirməlidirlər.
Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiqlədiyi minimum istehlak səbətinə əsasən, əmək qabiliyyətli şəxslər il ərzində azı 7 kq, pensiyaçılar 5,8 kq, uşaqlar isə 6 kq kərə yağı istehlak etməlidir. Bu isə o deməkdir ki, dörd nəfərlik ailə ayda orta hesabla azı 2 kq kərə yağı almalıdır. Hazırda isə bazarda kərə yağının bir kiloqramı 18-30 manat arasında dəyişir.