SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq

Ağ Evdə 8 avqust görüşləri

Ağ Evdə 8 avqust görüşləri

ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında 8 avqustda Vaşinqtonda Ağ Evdə tarixi görüş keçirilib. 

Görüşün nəticəsi olaraq Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzaladılar.

Həmçinin, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalanıb.

Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp imzalayıblar.

09 avqust 2025 | 18:49

Ərdoğan regionda sülh gündəliyində nümayiş etdirdiyi liderliyə görə İlham Əliyevi təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Yurd.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlığa və strateji müttəfiqliyə əsaslanan əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyanatın, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımdan əhəmiyyətinə toxunulub.

Bu nəticələrin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz əlaqənin yaradılmasına xidmət edəcək nəqliyyat bağlantısının bütün regionun çiçəklənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Dövlət başçısı Ermənistanla Azərbaycan arasında normallaşma prosesində Prezident Rəcəb Tayyib Ərdoğanın və qardaş Türkiyənin oynadığı rolu yüksək qiymətləndirib və buna görə təşəkkürünü bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan regionda sülh gündəliyinin irəli aparılmasına nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə təbriklərini çatdırıb və qeyd edib ki, Türkiyə regionda sülhü və sabitliyi daim dəstəkləyir.

Söhbət zamanı Azərbaycan təbii qazının Türkiyə ərazisindən Suriyaya ixracının başlanması müsbət hadisə kimi qiymətləndirilərək, bunun Suriyanın enerji təhlükəsizliyinə və əhalinin sosial rifahının gücləndirilməsinə töhfə verəcəyi bildirilib.

Telefon danışığı əsnasında Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

09 avqust 2025 | 12:44

Cənubi Qafqazda yeni dövr: Azərbaycanın qələbəsi və geosiyasi gücünün yüksəlişi - ŞƏRH

Cənubi Qafqazda yeni bir səhifə açılır və bu səhifədə Azərbaycan tarixi bir mövqeyə sahib olur. Vaşinqtonda baş tutan görüş sadəcə sülh anlaşması və dəhliz razılaşması deyil — bu, bölgənin yeni geosiyasi nizamının yazılmasıdır. Vaşinqtonda Prezident İlham Əliyevlə ABŞ lideri Donald Trampın görüşü sadəcə diplomatik protokol deyildi — bu, regionun gələcək xəritəsini dəyişdirəcək strateji dönüş nöqtəsi idi.

 Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının paraflanması, Zəngəzur dəhlizinin 2125-ci ilə qədər ABŞ tərəfindən idarə olunması və bu dəhlizin “Trump Yolu” adlandırılması, ölkəmizin diplomatik və geosiyasi uğurunun bariz nümunəsidir. Üstəlik, 30 ildən çox davam edən 907-ci düzəlişin ləğvi ilə ABŞ-la hərbi, texnoloji və iqtisadi əməkdaşlığın qarşısındakı ən böyük maneə aradan qalxdı. Bütün bu hadisələr fonunda Azərbaycan təkcə öz milli maraqlarını qorumaqla kifayətlənmir, həm də Cənubi Qafqazın gələcək güc balansını müəyyənləşdirən əsas oyunçuya çevrilir. Rusiya Ukrayna müharibəsində zəifləyərkən, İran isə şimal sərhədində ABŞ-nın varlığı ilə təsir imkanlarını itirərkən, Bakı regionun yeni mərkəzi rolunu möhkəmləndirir. Rusiya və İranın zəifləməsi Azərbaycan üçün həm yeni fürsətlər, həm də yeni diplomatik oyun sahələri açır.

 Onu da qeyd edək ki, Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyət qazanması təkcə iqtisadi deyil, həm də strateji qələbədir. Bu dəhliz Azərbaycanın Naxçıvanla quru bağlantısını təmin etməklə yanaşı,həm də qardaş ölkə Türkiyə ilə magistral və dəmiryolu üzərində birbaşa əlaqələrimizin olmasına imkan yaradacaq. Təbii ki, iki ölkə arasında olan sıx münasibtlərin daha da genişlənməsi və inkişafı baxımından bu addım çox mühim əhəmiiyət daşıyır. Eyni zamanda Zəngəzur dəhlizi Avrasiya tranzit xəritəsində mühüm mövqeyimizi daha da gücləndirir.

Bəli, qarşıdakı illərdə ABŞ-nın bölgədəki varlığı müəyyən siyasi şərtlərlə müşayiət oluna bilər. Amma bugünkü reallıq odur ki, Azərbaycan diplomatiyası böyük güclərin masasında öz yerini tutub və masanın qaydalarını özü müəyyənləşdirəcək gücə çatıb. Deyə bilərik  ki, Cənubi Qafqazda və dünyada Azərbaycanın gücü artıq hər kəsə məlumdur. Bu, hərbi zəfərlə başlayan, diplomatik uğurla davam edən bir qələbə tarixidir.

09 avqust 2025 | 10:53

Azərbaycan XİN Prezident İlham Əliyevin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb

Avqustin 7-8-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-də səfərdə olub.

XİN-dən Yurd.Media-ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb.

Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti altı ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar; süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə; eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır. Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bildirilib ki, səfər həmçinin iki ölkə prezidenti arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması ilə əlamətdar olub. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır.

Azərbaycan Prezidentinin ABŞ-yə səfəri həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələr ilə əlamətdar olub. Səfər zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirilib və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Bununla yanaşı, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb.

Qeyd olunub ki, Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir.

Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb.

Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.

ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətin ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində digər vacib addımdır.

Bununla yanaşı, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR və ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənəd şirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirmək və Azərbaycan Respublikasında həm qeyri-ənənəvi, həm də ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələrini ehtiva edir.

Beləliklə, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir.

09 avqust 2025 | 09:43

Donald Tramp Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Ağ Evin rəmzi açarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edib.

Yurd.Media xəbər verir ki, bu, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladıqdan sonra söhbət əsnasında baş verib.

Prezident Donald Tramp: Mənim Sizin üçün hədiyyəm var. İcazə verin, onu təqdim edim. Zənnimcə, bəyənəcəksiniz.

Prezident İlham Əliyev: Mənim 9 nəvəm var, icazə versəniz, hamısını götürərdim.

Prezident Donald Tramp: Sizin 9 nəvəniz var? Mənə əlavə sikkə verin. Siz gözəl danışıq aparırsınız. Bu sikkələr hamının xoşuna gəlir. Dünyanın ən gözəl sikkəsidir. Bəlkə də dünyanın ən bahalı sikkəsidir. Heyət üzvləri yaxınlaşın və şəkilinizi də çəksinlər.

Sonda Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edən Prezident Donald Tramp dedi: Sizə daha bir hədiyyəm var. Bu Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm.

09 avqust 2025 | 04:33

Mehriban Əliyeva: "Bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edirəm!"

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ lideri Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtondakı görüşü ilə bağlı paylaşım edib.

Yurd.Media xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş naziri tərəfindən Birgə Bəyannamə imzalandı və sülh sazişi paraflanmaqla yekun sülh sazişi istiqamətində mühüm addım atıldı.

Bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edirəm!

Qoy, hər zaman sülh olsun! Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman oğullarımıza Allah rəhmət eləsin! Uca Tanrı hər zaman doğma Azərbaycanımızı qorusun!".

09 avqust 2025 | 01:46

Rubio: Azərbaycanı və Ermənistanı təbrik edirik

ABŞ Azərbaycan və Ermənistanı tarixi sülh sazişinin əldə olunması münasibətilə təbrik edir.

Yurd.Media xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında Azərbaycan və Ermənistan liderləri (İlham Əliyev və Nikol Paşinyan - red.) onilliklərlə davam edən münaqişələrə son qoyacaq sülh sazişi bağlamaq barədə razılığa gəliblər. Bu tarixi saziş regionu gücləndirəcək, Amerika ticarəti və investisiyaları üçün yeni qapılar açacaq. Hər iki ölkəni yeni sülh dövrünün başlanması münasibətilə təbrik edirik", - Rubio qeyd edib.

09 avqust 2025 | 01:39

İlham Əliyev: Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar

Konstitusiyada Ermənistanın nə vaxt dəyişiklik edəcəyi barədə heç nə deyə bilmərəm, belə ki, bu həmin ölkənin öz işidir.

Yurd.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mətbuata müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, bu hadisə nə qədər tez baş versə, bir o qədər yaxşı olar və Ermənistanın Konstitusiyasında Azərbaycan torpaqlarına qarşı iddia aradan qaldırılar:

“Sülh sazişi mətninin ABŞ-də paraflanması deməyə əsas verir ki, bu hadisə baş verəcək, əks halda bu ABŞ-yə qarşı hörmətsizlik olar”.

09 avqust 2025 | 01:26

Birgə Bəyannamə: "Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik"

Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik.

Yurd.Media xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair birgə Bəyannamədə əks olunub.

“Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik”, - bəyannamədə deyilir.

09 avqust 2025 | 01:14

ATƏT-ə Minsk Prosesi və onunla əlaqəli strukturları bağlanır

Azərbaycan və Ermənistan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciət imzalanıb.

Yurd.Media xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair birgə Bəyannamədə əks olunub.

“Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq”, - tərəflər bəyannamədə çağırış ediblər.

09 avqust 2025 | 01:09

İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan Birgə Bəyannamə imzaladılar - TAM MƏTN

Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzaladılar.

Yurd.Media xəbər verir ki,  sənəd üç ölkənin liderinin görüşündən sonra imzalanan sənədin mətnini təqdim edir. 

Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair

BİRGƏ BƏYANNAMƏ

Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək, aşağıdakıları bəyan edirik:

  1. Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq;
  2. Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq;
  3. Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir;
  4. Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik;
  5. Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik;
  6. Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik;
  1. Biz bu vacib Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlığımızı ifadə edirik.

Bu Bəyannamə 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində imzalanmışdır.