Maştağa qəsəbəsində itkin düşmüş kimi axtarışları aparılan və 10 gün sonra tapılan qızların psixoloji qiymətləndirilməsi aparılıb.
Yurd.Media xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən bildirilib.
Sığınacağa yerləşdirilən yetkinlik yaşına çatmayan qızlarla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və psixoloqun iştirakı ilə aparılan ilkin söhbətlər zamanı onlarla və ailə üzvləri ilə psixososial işlərin aparılmasının zəruriliyi müəyyən edilib:
"Arzu etdikləri təqdirdə onların müvafiq peşəyə yönəldilməsi istiqamətində də lazımi tədbirlər görüləcək".
Bildirilib ki, istintaq prosesi davam etdiyi üçün hadisənin detalları ilə bağlı əlavə məlumatın verilməsi zəruri hesab edilmir.
Xatırladaq ki, aprelin 16-da saat 20:00-da 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H Maştağa ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər. Onlar 10 gün sonra tapılıblar. Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.