SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Qızıldaş Mədəniyyət Mərkəzində qanunsuz bağça bağlandı, direktor isə hələ də vəzifəsindədir - ŞİKAYƏT

Qızıldaş Mədəniyyət Mərkəzində qanunsuz bağça bağlandı, direktor isə hələ də vəzifəsindədir - ŞİKAYƏT

  • 15 aprel 2026, 14:08
Bakı

Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində qanunsuz uşaq bağçasının fəaliyyət göstərməsi ilə bağlı şikayət edən vətəndaş Mədəniyyət Nazirliyinə ünvanladığı müraciətlərə hələ də rəsmi cavab almadığını iddia edir.

Yurd.Media-ya müraciət edən Qaradağ rayon sakini, Vətən müharibəsi qazisi Mənsur Həsənov bildirib ki, Qızıldaş Mədəniyyət Mərkəzində direktor vəzifəsini icra edən Gülnar Abbasovanın rəhbərliyi dövründə mərkəzdə qanunsuz kommersiya fəaliyyəti kimi uşaq bağçası təşkil olunub.

Şikayətçinin sözlərinə görə, 2025-ci ilin dekabr ayından etibarən məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə dəfələrlə yazılı müraciətlər ünvanlasa da, bu günədək rəsmi cavab almayıb.

M.Həsənov bildirib ki, 12 yanvar tarixində Mədəniyyət Nazirliyinin Daxili nəzarət şöbəsinin əməkdaşları ilə görüş keçirib və mərkəzdəki bağçanın fəaliyyəti ilə bağlı məlumat verib. Onun iddiasına görə, görüş zamanı tərtib olunan izahat sənədində əsas məqamlar, o cümlədən bağça fəaliyyəti və mərkəzin sosial şəbəkə səhifəsində şəxsi təbliğatın aparılması qeyd edilməyib.

Şikayətçi əlavə edib ki, 22 yanvar tarixində nazirliyin rəsmi elektron poçt ünvanına yazılı ərizə göndərib. Onun sözlərinə görə, bundan sonra bağçanın iş rejimi dəyişdirilib, fəaliyyət qismən məhdudlaşdırılıb, lakin problem köklü şəkildə aradan qaldırılmayıb.

M.Həsənov iddia edir ki, məsələ ilə bağlı ifşaedici materialları aidiyyəti şəxslərə göndərdikdən sonra şəxsi “WhatsApp” hesabı fevral-aprel ayları arasında bloklanıb. Onun sözlərinə görə, texniki mütəxəssislər hesabın çoxsaylı şikayətlər əsasında bloklandığını bildiriblər və o, bunun bağça fəaliyyəti ilə maraqlı şəxslərin təsiri nəticəsində baş verdiyini ehtimal edir.

Şikayətçi qeyd edib ki, Qızıldaş Mədəniyyət Mərkəzində fəaliyyət göstərən bağçanın Hesablama Palatasının müdaxiləsindən sonra bağlanması faktı iddiaların əsassız olmadığını göstərir. Buna baxmayaraq, onun sözlərinə görə, mərkəzin direktor vəzifəsini icra edən şəxs hələ də vəzifəsində qalır.

M.Həsənov Mədəniyyət Nazirliyindən müraciətlərinə hüquqi qiymət verilməsini, qanunsuzluqlara yol verdiyi iddia olunan şəxslərlə bağlı tədbir görülməsini və məsələ ilə bağlı ictimaiyyətə rəsmi açıqlama verilməsini tələb edir.

Qeyd edək ki, Yurd.Media qarşı tərəfin – Mədəniyyət Nazirliyinin və adı çəkilən şəxsin mövqeyini dərc etməyə hazırdır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları