SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bakıya axın edən gəncləri bölgələrə necə qaytaraq? - Deputatdan TƏKLİFLƏR - VİDEO

Bakıya axın edən gəncləri bölgələrə necə qaytaraq? - Deputatdan TƏKLİFLƏR - VİDEO

Əmək haqqı fərqi, iş boşluqları və mənzil problemi gənclərin Bakıda qalmasına səbəb olur.

Yurd.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev İctimai TVyə müsahibəsində bildirib.

Deputat qeyd edib ki, gənclər daha yaxşı universitetdə təhsil almaq üçün Bakıya üz tutur, 4 illik tələbəlik dövründə paytaxta öyrəşir, iş imkanlarını tanıyır və regionlara qayıtdıqda Bakının verdiyi imkanları orada tapa bilmirlər:

"Əmək haqqı fərqi, iş boşluqları və mənzil problemi gənclərin Bakıda qalmasına səbəb olur. Bu zəncirvari prosesin qarşısını almaq üçün regionlardakı universitetlərin səviyyəsi artırılmalı, tələbələrə daha geniş təqaüd imkanları yaradılmalıdır ki, Bakı universitetləri deyil, region universitetləri üstün tutulsun".

Naqif Həmzəyev bildirib ki, gənclərin ev-mənzil problemlərinin həlli üçün xüsusi dövlət proqramları həyata keçirilməli, biznesmenlərə regionlarda gənclər üçün xüsusi təkliflər vermək imkanı yaradılmalıdır.

Sahibkarlığın regionlarda inkişaf etdirilməsinin vacibliyini vurğulayan deputat qeyd edib ki, hazırda bazar əsasən Bakıda cəmləşib və bu səbəbdən uzaq rayon və şəhərlər üçün xüsusi proqramlara ehtiyac var.

Onun sözlərinə görə, universiteti bitirən gənclər, xüsusilə regionlarda biznes qurmaqda çətinlik çəkməməlidir:

"Bank faizlərinin yüksək olması, yeni başlayan biznesmenlə illərdir fəaliyyət göstərən sahibkar arasında fərq qoyulmaması gənclərin iş qurmasına mane olur. Girov tələbləri isə yeni həyata başlayan gənclər üçün əlçatmazdır".

Deputat bildirib ki, məzunların regionlarda iş qurması üçün imkanlar yaradılmalı, ən azı 3 il müddətinə pulsuz və ya çox aşağı ödənişli ofislərlə təmin olunmalıdır. İş mərkəzlərinin yaradılması gənclərin birgə layihələr qurmasına və yeni iş yerləri açmasına şərait yaradacaq. O qeyd edib ki, banklar gələcək kadrlarına yatırım etməli, gənclərə faizsiz və ya güzəştli kreditlər təqdim olunmalıdır.

Naqif Həmzəyev vurğulayıb ki, gənclərin təkcə Bakıya deyil, xaricə axını da artıb və bunun qarşısını almaq üçün həm Bakıda, həm də regionlarda yaşamaq və işləmək üçün cəlbedici mühit yaradılmalıdır. Onun fikrincə, yalnız restoranlarla kifayətlənmək olmaz, teatrların, konsert zallarının və mədəniyyət ocaqlarının regionlarda aktiv fəaliyyəti təmin edilməlidir, Bakıda keçirilən konsertlərin ən azı 10 faizi regionlarda təşkil olunmalıdır.

Deputat universitetlərin regionlara köçürülməsinin Bakının yükünü qismən azalda biləcəyini, lakin problemin köklü həlli olmadığını bildirib. Onun sözlərinə görə, daha effektiv yol konkret regionların potensialına uyğun fakültələrin köçürülməsi və ya filialların açılmasıdır:

"Məsələn, Gəncədə sənaye və metallurgiya, Qubada isə turizm ixtisaslarının gücləndirilməsi mümkündür. Regionlarda alternativ ixtisaslar və seçimlər yaradılmasa, əmək bazarında uduzacağımızı və xaricdən kadr gətirməyə məcbur qalacağıq".

Naqif Həmzəyev bildirib ki, hazırda gizli işsizlik təşviq olunur, Bakıya gələn gənclər daimi iş tapmadıqda günəmuzd işlərə və taksi sürücülüyünə yönəlirlər. Bu isə həm işsizliyin artmasına, həm də Bakının həddindən artıq yüklənməsinə səbəb olur. O vurğulayıb ki, Bakı maksimum 2–2,5 milyon nəfər üçün nəzərdə tutulub və hazırda bu hədd aşılır, kirayə qiymətləri artır və bu, yalnız regionlardan gələnləri deyil, Bakıda yaşayanları da narahat edir.

Deputat əlavə edib ki, yeni mənzil fondlarının artırılması regionlara yönəldilməli, daha ucuz və əlçatan kirayə mənzillər tikilməlidir. Bu halda Şəmkir, Oğuz, Gədəbəy, Qazax əhalisinin Bakıya deyil, Gəncəyə üz tutacağını və Gəncənin bufer zona rolunu oynaya biləcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın digər şəhərləri də milyonluq şəhərlərə çevrilməlidir, əks halda Bakı öz-özünü yükləyəcək.

Naqif Həmzəyev bildirib ki, ADA Universitetinin yaxın illərdə Gəncədə filialının açılması regionlar üçün böyük təkan olacaq və bununla yanaşı Lənkəran, Şəki və digər şəhərlərin də inkişafı düşünülməlidir.

Bakıya axın edən gəncləri bölgələrə necə qaytaraq? - Deputatdan TƏKLİFLƏR - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları