SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
“Canlı işıqfor” – Əmircanın insanlıq simvolu - FOTOREPORTAJ

“Canlı işıqfor” – Əmircanın insanlıq simvolu - FOTOREPORTAJ

Bakı

Xalid Musayev 15 ildən çoxdur ki, vətəndaşlara könüllü şəkildə yol keçməyə kömək edir.

Bakı kəndləri hər zaman maraqlı, fərqli və xeyirxah insanları ilə seçilib. Onlardan biri də Əmircan qəsəbəsində “canlı işıqfor” kimi tanınan Xalid Musayevdir.

Yurd.Media Xalid Musayev haqqında fotoreportaj hazırlayarkən Əmircan sakinlərinin hamısının onu tanıdığını və böyük hörmətlə yanaşdıqlarının şahidi oldu.

“Canlı işıqfor” ləqəbli Xalid Musayevin sözlərinə görə, uşaqlıqdan iki böyük arzusu olub:

“Uşaqlıqda polis olmaq istəyirdim, amma alınmadı. Sonra özümə məqsəd qoydum ki, məşhur olum. Uzun illər yol kənarında alverlə məşğul idim. Hər gün uşaqlara və yaşlılara yolu keçməkdə kömək edirdim. Bir gün bir qız mənə ‘canlı işıqfor’ dedi. O andan bu işə könüllü olaraq başladım”.

Xalid Musayev 2009-cu ildən etibarən tam təmənnasız şəkildə Əmircan qəsəbəsində yolu keçmək istəyən hər bir vətəndaşa kömək edir. O, eyni zamanda yaxınlıqda yaşayan yaşlı insanlara da dəstək olur:

“Yaxında yaşayan sakinlər evlərinin açarını mənə etibar edirlər. Deyirlər ki, ‘uşaq dərsdən gələndə verərsən’. Yaşlılar da bəzən bazarlıq üçün pul verirlər. Burada məni tanımayan yoxdur. Hər keçən maşın salam verir. Fəaliyyətə başlayandan bəri bu yolda heç bir qəza baş verməyib”.

Xalid Musayev yalnız yol hərəkətində deyil, sosial fəaliyyətlərdə də fəallığı ilə seçilir. Onun rəhbərlik etdiyi təxminən 40 nəfərlik könüllü uşaq komandası var. Həftəsonları uşaqları toplayaraq onlara nəqliyyat qaydalarını, yol nişanlarını və düzgün davranış qaydalarını izah edir:

“Uşaqları çox sevirəm. Onların avaralanmaqdansa, istirahət günlərini burada keçirmələrini istəyirəm. Onlara yol hərəkəti qaydalarını, nişanları, eyni zamanda düzgün insan olmağı öyrədirəm. Uşaqlar bizim gələcəyimizdir, biz onları düzgün tərbiyə etməliyik”, – deyə Musayev vurğulayır.

O, hər gün səhər saat 7-dən axşam 6-ya qədər yol kənarındakı kiçik otağında olur. Burada vətəndaşlara yolu keçməkdə kömək edir, nəqliyyatın hərəkətini tənzimləyir. Xalid Musayevin təşəbbüsü ilə həmin ərazidə zolaqlar da çəkilib.

Onun “işıqfor otağı” da maraqlıdır – divarlarda müxtəlif tədbirlərdən topladığı qələm kolleksiyası var. Həmçinin o, uşaqlar üçün bütün yol nişanlarını izah edən maarifləndirici kitab da yazıb və yaxın zamanda satışını planlaşdırır.

Xalid Musayevin illərdir topladığı şəxsi arxivi də var. O, yanına gələn hər bir qonağın, eləcə də gündəlik yolu keçmək istəyən uşaqların adlarını orada qeyd edir:

“Doğrudur, fəaliyyətimə görə icra hakimiyyətindən maaş alıram, amma bu işi pul üçün etmirəm. Məqsədim vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Əgər hər kənddə mənim kimi bir nəfər olsaydı, bəlkə də heç bir yol-nəqliyyat hadisəsi baş verməzdi”.

Xalid Musayev eyni zamanda imkanlı olmayan ailələrə və şəhid övladlarına dəstək olur. Özünün də maddi vəziyyəti yüksək olmasa da, uşaqları sevindirmək üçün daim çalışır:

“Mənim üçün əsas olan insanların üzündəki təbəssümdür. Əgər kiməsə bir az da faydam dəyirsə, deməli, həyatımı mənasız yaşamamışam”, – deyə o əlavə edir.

Foto: Sadıq Əliverdibəyli

Prime Leasing