Azərbaycanda 13 nəfər İkinci Dünya müharibəsi iştirakçısı yaşayır.
Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 750 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Bununla bağlı Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Yurd.Media-ya bildirilib ki, sərəncam 2 minə yaxın şəxsə şamil olunacağı gözlənilir ki, onlardan 13-ü İkinci Dünya müharibəsi iştirakçısıdır.
