Son günlər Bolt taksi xidmətindən istifadə edən müştərilər arasında narazılıqlar artmaqdadır.
Yurd.Media xəbər verir ki, bəzi vətəndaşlar taksi sifariş verdikdən sonra 10-15 dəqiqə gözləyirlər, lakin nə maşın gəlir, nə də sürücü ilə əlaqə yaratmaq mümkün olur. Daha təəccüblü məqam isə tətbiqin sərnişinin mənzil başına çatdırıldığını göstərməsi və bank kartından pulun avtomatik çıxılmasıdır.
"APA TV"yə şikayət edən növbəti müştəri bildirib ki, nə sürücü ilə, nə də şirkətlə əlaqə saxlaya bilmir.
"Bolt" şirkətindən verilən açıqlamada bildirilib ki, əgər sürücü səfəri qəbul edib, lakin sərnişini götürməyibsə və ya qeyri-etik davranış nümayiş etdiribsə, bu barədə tətbiq vasitəsilə şikayət edilməlidir. Şirkət rəsmiləri qeyd ediblər ki, daxil olan bütün müraciətlər ciddi şəkildə araşdırılır və əgər səfər həyata keçirilməyibsə, lakin pul balansdan çıxıbsa, həmin məbləğ şirkət tərəfindən sərnişinə geri qaytarılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə bildirib ki, belə hallarla qarşılaşan vətəndaşlar 141 qaynar xəttinə müraciət etməlidirlər.