Son günlərdə baş verən yanğın və subasma hallarının ardından bir sıra vətəndaşlar ciddi maliyyə çətinlikləri ilə üzləşiblər. Səbəb isə evlərinin rəsmi sənədlərinin (çıxarışların) olmamasıdır ki, bu da onların əmlaklarını icbari qaydada sığortalamasına mane olub.
Yurd.Media xəbər verir ki, ekspertlərin açıqlamalarına əsasən, sığorta təminatı olmadan vətəndaşlar baş vermiş fəlakətlərdən sonra zərəri şəxsi vəsaitləri hesabına ödəməyə çalışırlar. Halbuki daşınmaz əmlakın icbari sığortası həm hüquqi, həm də maliyyə baxımından əmlak sahiblərinə böyük dəstək verə bilərdi.
Ekspert Elnur Fərzəliyev “İctimai TV”yə bildirib ki, bir çox sakinlər ya evlərinin sənədləri olmadığı üçün, ya da sığorta sisteminə etimad göstərmədiklərindən bu xidmətlərdən yararlanmırlar: “Hətta bəzi insanlar daşınmaz əmlakın sığorta olunmasının vacibliyindən belə xəbərsizdirlər”.
Onun sözlərinə görə, paytaxtda yaşayan əhalinin əksəriyyəti rəsmi çıxarışa sahib olsa da, əmlaklarını sığorta etdirməyib. Hər hansı bir fəlakət baş verdikdə isə zərəri özləri ödəməli olacaqlar.
Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasında hər bir yaşayış sahəsi icbari sığortalanmalıdır. Bu, yalnız hüquqi tələb deyil, eyni zamanda mülkiyyətin qorunması üçün mühüm vasitədir.
Əmlakın icbari sığortası yanğın, subasma və digər təbii fəlakətlər zamanı mülkiyyəti qoruyur.
ASA-nın ekspert qrupunun üzvü Emin Allahverdiyev bildirib ki, “Bakı şəhərində sığorta haqqı 50 manat, sığorta məbləği isə 25 000 manatdır: “Gəncə, Sumqayıt və Naxçıvanda bu göstəricilər müvafiq olaraq 40 manat və 20 000 manatdır. Digər regionlarda isə sığorta haqqı 30 manat, sığorta məbləği isə 15 000 manat təşkil edir.”
Qeyd edək ki, 15-16 aprel tarixlərində ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi nəticəsində 8 sığorta şirkətinə ümumilikdə 769 müraciət daxil olub. Bu müraciətlərin 157-si daşınmaz əmlakın icbari sığortası ilə bağlıdır.
Ekspertlər bildirirlər ki, istər mülkiyyət sənədi olan, istərsə də olmayan şəxslər üçün sığorta məsələsi diqqət mərkəzində olmalıdır. Gələcəkdə baş verə biləcək arzuolunmaz hallarda zərərin qarşılanması üçün sığorta ən vacib qoruyucu vasitə olaraq qalır.