SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Süni intellekt Kiberdələduzluq Böyük Qayıdış
Azərbaycanda çörək israfı artır: Mütəxəssislər səbəbləri və həll yollarını açıqladılar

Azərbaycanda çörək israfı artır: Mütəxəssislər səbəbləri və həll yollarını açıqladılar

Azərbaycanda çörək israfı sosial və iqtisadi baxımdan ciddi narahatlıq doğurur. Paytaxtda və bölgələrdə zibil qutularının yanında atılmış çörək qalıqları bu problemin açıq sübutudur.

Yurd.Media xəbər verir ki, mütəxəssislər "Xəzər Xəbər"ə bildiriblər ki, çörəyin israf olunmasının əsas səbəbləri bunlardır: ehtiyacdan artıq alınması, tez bayatlaması və çörəyin kiçik hissələrə bölünərək satılmaması.

Sosioloq Üzeyir Şəfiyev deyib ki, bu problem həm mədəniyyət, həm də istehlak vərdişləri ilə bağlıdır:

“Bəzi insanlar artıq çəkidən qorunduqları üçün çörək yeməyi azaldırlar, buna baxmayaraq, əvvəlki qədər çörək alırlar. Bu da istifadə olunmadan atılmasına səbəb olur. Əslində, hər bir insan gündə nə qədər çörəyə ehtiyacı olduğunu bilməli və ona uyğun alış etməlidir. Əgər satış obyektlərində bu tələbat nəzərə alınsa, israfın qarşısını almaq olar”.

Qida mütəxəssisi Asim Vəliyev isə bildirib ki, çörəyin tərkibində qoruyucu maddələr (konservantlar) olmadığından onun saxlama müddəti qısadır:

“Qatqısız çörəklər bəzən düzgün saxlanmadıqda cəmi bir-iki günə keyfiyyətini itirir. Dəyişmiş dad və görünüş isə insanları bu çörəyi atmağa vadar edir. Sovet dövründə ‘yarım çörək’ anlayışı var idi. Türkiyədə də bu təcrübədən istifadə olunur və insanlara ehtiyac qədər çörək almaq imkanı verilir”.

Mütəxəssislər hesab edirlər ki, çörəyin müxtəlif ölçülərdə, yəni fərqli qramajlarda satılması və kiçik hissələrə bölünməsi həm israfı azaldar, həm də insanların ehtiyacına uyğun seçim etməsinə şərait yaradardı. Bu isə sanitar-gigiyenik qaydalara uyğun şəkildə həyata keçirilməlidir. Bundan başqa, çörək quru və yaxşı havalandırılan yerlərdə saxlanmalıdır. İstehsalçılar da məhsulun keyfiyyətini qorumaq üçün saxlama və qablaşdırma qaydalarına ciddi əməl etməlidirlər.