Yekunlaşdırdığımız 2025-ci il də ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addmlarla yadda qaldı.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov Yurd.Media-nın sorğusuna cavab olaraq il ərzində həyata keçirilmiş işlərin əsas məqamlarını açıaqlayıb.
2025-ci ilin əvvəlindən növbəti, 2018-ci ildən isə 5-ci sosial islahat paketi icra olunub. 3 milyon vətəndaşı əhatə edən və əlavə olaraq illik 1,4 milyard manat vəsaitin ayrıldığı bu islahat paketi nəticəsində cari ildə minimum əməkhaqqı artırılaraq 345 manatdan 400 manata çatdırılıb. Bir çox qurumlarda çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəsi olan əməkdaşların, dövlət qulluqçusu olmayan işçilərin maaşları və s. artırılıb. Minimum pensiya da artırılaraq 280 manatdan 320 manata çatdırılıb, bütün pensiyalar indeksləşdirilərək artırılıb, sosial müavinət və təqaüdlərdə növbəti artımlar edilib.
“Ümumilikdə 2018-2025-ci illərdə ölkəmizdə 5 sosial islahat paketi icra olunub. İllik əlavə 7,6 milyard manat vəsait ayılan bu islahat paketləri 4 milyon vətəndaşı əhatə edib və bu islahatlar nəticəsində qeyd edilən dövrdə minimum pensiya 2,9 dəfə, minimum əməkhaqqı 3,1 dəfə, sosial müavinət, təqaüd ödənişləri üçün illik vəsait 5 dəfə artıb. Orta aylıq pensiya 2,6 dəfə artaraq 208 manatdan 540 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 2,5 dəfə artaraq 234 manatdan 576 manata çatıb”.

Aktiv məşğulluq proqramları uğurla davam etdirilib.
Bu ilin 11 ayında 530 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə edilib, o cümlədən 16500 şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatları qurulub. Böyük Qayıdış proqramı üzrə işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərin məşğulluğunun təmin olunması proqramları daha da genişləndirilib. Ötən dövrdə onlardan əmək qabiliyyətli olan artıq 7500-dən çox şəxsin məşğulluğu təmin edilib.

Yeni DOST məntəqələri açılıb
Dogma yurd yerlərinə qayıdan insanların DOST xidmətləri ilə əhatə edilmələri üçün də bu il növbəti addımlar atılıb. Son illər Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi, Bərdədə Qarabağ Regional DOST Mərkəzi, Şuşada DOST filialı açılmışdı, bu il isə Kəlbəcər və Füzulidə də DOST məntəqələri açılıb.
Həmçinin, dövlət sosial xidmətlərinin elektronlaşdırılması, innovativ həllərin tətbiqi, sosial xidmətlər və reabilitasiya sahələrində də növbəti uğurlar əldə olunub.

Ölkədə həyata keçirilən sosial layihələr içərisində ən həssas və qürurvericilərdən biri də Böyük Qayıdış proqramıdır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, yola saldığımız 2025-ci il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üçün, ilk növbədə, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın uğurla davam etdirilməsi ilə əlamətdardır:
“Bu il beşinci ildönümü qeyd etdiyimiz Böyük Zəfərin nəticəsi olaraq başlanmış qayıdış prosesinin səmərəli təşkili, müvafiq Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin və ölkə rəhbərliyinin verdiyi tapşırıqların icrası komitənin fəaliyyətinin prioritet istiqaməti olmuşdur”.
2025-ci ildə Ağdam şəhərinə və rayonun 3 kəndinə, Xocalı rayonunun 6 kəndinə, Ağdərə rayonunun 4 kəndinə, Laçın rayonunun Bəylik kəndinə, Kəlbəcər şəhərinə, Xocavənd rayonunun 1 kəndinə və 2 qəsəbəsinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Zəngilan rayonunun Məmmədbəyli kəndinə ilk köç karvanları yola salınıb.

Bir sıra yaşayış məntəqələrində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva doğma yurdlarına qayıtmış sakinlərlə görüşüb, mənzillərinin açarlarını onlara şəxsən təqdim ediblər.
Bundan başqa, 2025-ci ildə komitə tərəfindən qayıdışı gözləyən məcburi köçkünlərin sosial müdafiəsi, yaşayış şəraitinin yaxşılaşdırılması, qanunvericilikdə nəzərdə tutlan və öz funksional fəaliyyət istiqamətlərinə uyğun digər tədbirlər də həyata keçirilib.
