Biokimyaçı Cessi İnçauspe gün boyu zehni aydınlığı və psixi rahatlığı qorumağa kömək edən mükəmməl səhər yeməyinin əsas prinsiplərini izah edib.
Yurd.Media xəbər verir ki, Cessi İnçauspe bu mövzuda Kolumbiyanın "El Tiempo" nəşrinə verdiyi müsahibədə ətraflı məlumat paylaşıb.
Onun bildirdiyinə görə, günün ilk qida qəbulu elə qurulmalıdır ki, bundan sonra qandakı qlükoza (şəkər) göstəricisi kəskin yüksəlməsin. Əks halda, insan özünü daha impulsiv və həddən artıq gərgin hiss edər. Bu vəziyyət isə mühüm qərarların verilməsini xeyli çətinləşdirərək stresli bir prosesə çevirər. Mütəxəssis ayrıca diqqətə çatdırıb ki, şirin səhər yeməkləri məhz bu cür mənfi hallara səbəb olur.
Gün ərzində gümrah və enerjili qalmaq üçün səhər yeməyinin mütləq zülallar və sağlam yağlardan təşkil olunması zəruridir. Belə halda qandakı şəkər göstəricisi sabit qalır və orqanizmdə fasiləsiz enerji axını təmin edilir.
Bundan əlavə, qidaların qəbul edilmə sırası da xüsusi əhəmiyyət daşıyır. Cessi İnçauspe vurğulayıb ki, əgər yeməyə tərəvəzlər kimi lifli məhsullarla başlanılsa, ardınca zülal və yağlara keçilsə, karbohidratlar isə ən axıra saxlanılsa, bu zaman qandakı qlükoza səviyyəsi kəskin deyil, tədricən və yumşaq şəkildə yüksələcək.