SÜJET
Hazır yeməklərə olan tələbatın artması yarımfabrikat məhsulların satışını da genişləndirib. Sosial şəbəkələrdə müxtəlif səhifələr blinçik, kotlet və digər bu kimi məhsulları sifarişlə hazırlayaraq müştərilərə təqdim edir.
Yurd.Media xəbər verir ki, bu məhsulların keyfiyyətinə nəzarət məsələsi ciddi suallar doğurur.
Mütəxəssislər bildirirlər ki, yarımfabrikat məhsul alarkən ilk növbədə məhsulun üzərindəki istehsal və istifadə müddətinə diqqət yetirilməlidir. Həmçinin qablaşdırma materialı deformasiya olunmamalı, hermetikliyi pozulmamalıdır.
Ekspert Seymur Qafarov "Xəzər Xəbər"-ə bildirib ki, bəzi məhsulların yarımfabrikat şəklində satışa çıxarılması risklidir və onların alınması tövsiyə olunmur. O qeyd edib ki, bu tip məhsullar nəzərdə tutulan temperaturda saxlanmalı, daşınma zamanı günəş şüalarına məruz qalmamalıdır. Xüsusilə donmuş məhsulların (-18°C-də) bu temperatur rejimi pozularsa və məhsul defrost olunmuş halda istifadə edilərsə, bu ciddi risk faktoru yarada bilər.
Mütəxəssis əlavə edir ki, bəzi yarımfabrikat məhsulların tərkibindəki artıq və aydınlaşdırılmamış su da keyfiyyətə mənfi təsir göstərə bilər.
Qida Təhlükəsizliyi Agentliyi isə məsələ ilə bağlı cavab olaraq bildirib ki, qida məhsulları ilə bağlı planlı yoxlamalarla yanaşı, vətəndaş şikayətləri və mediada yayılan məlumatlar əsasında plandan kənar nəzarət tədbirləri də həyata keçirilir. Yoxlamalar zamanı uyğunsuzluq aşkarlanarsa, məhsullar satışdan geri çağırılır, məhv edilir və qanunvericiliyə uyğun digər tədbirlər görülür.
Qurumdan həmçinin qeyd olunub ki, qida məhsullarının satışını həyata keçirən sahibkarlar mütləq şəkildə Qida Təhlükəsizliyi qeydiyyatından keçməli və müvafiq reyestrdən çıxarış əldə etməlidirlər.
İstehlakçılar isə yarımfabrikat və digər qida məhsullarında uyğunsuzluq aşkarladıqları təqdirdə həm satıcıdan haqq tələb edə, həm də Qida Təhlükəsizliyi Agentliyinin 1003 çağrı mərkəzinə məlumat verə bilərlər.