Tibb müəssisələri üçün tibb vasitələrinin satın alınması ilə bağlı müsabiqələrə yekun vurulub.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İnnovasiya və Təchizat Mərkəzi 3,6 milyonluq tibb vasitəsi və 2,6 milyon manat dəyərində tibbi oksigen qazı sifariş edib.
Məlumata əsasən, tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş tibbi oksigen qazının satın alınması ilə bağlı müsabiqə yekunlaşıb.
Belə ki, Tibb Texnikasının Təmiri Zavodu oksigen qazının alqı-satqısına 2 603 969 manat ödəniş təklif edib.
Hazırda təklif dəyərləndirmə mərhələsindədir və yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.
Həmçinin TƏBİB tibb müəssisələrinin təcili tibbi yardım və digər şöbələri üçün tibb vasitələrinin satın alınması ilə bağlı müsabiqəni də yekunlaşıb.
Belə ki, “Diamed CO” şirkəti tibbi vasitələrin alqı-satqısına 3 642 341 manat ödəniş təklif edib.
Hazırda bu təklif də dəyərləndirmə mərhələsindədir və yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.