Mütəxəssislər milyonlarla insana müraciət edərək ciddi xəbərdarlıq yayıb: qan durulducu preparat varfarin müəyyən vitamin və bitki mənşəli əlavələrlə eyni vaxtda istifadə edildikdə ölümlə nəticələnə biləcək reaksiyalar törədə bilər.
Yurd.Media xəbər verir ki, İngiltərədə ən geniş yayılmış antikoaqulyant hesab olunan varfarin, ifliclə sonuclana biləcək qan laxtalarının əmələ gəlməsinin qarşısını almaq məqsədilə bir milyondan artıq xəstəyə təyin olunur. Bu preparat qanın damarlar daxilində daha sərbəst dövr etməsinə imkan yaradır və ürək ritm pozulması, ürək qapağı üzərində cərrahi müdaxilə, qanın laxtalanması ilə bağlı problemlər, həmçinin əməliyyatdan sonrakı bərpa mərhələsində xəstələrə yazılır.
Lakin İngilis Ürək Fondunun eksperti Viktoriya Teylor xəbərdarlıq yayaraq bildirmişdir ki, varfarinin K vitamini, omega-3 preparatları və geniş istifadə olunan bitki dərmanı sarı kantaron ilə eyni zamanda qəbulu preparatın effektivliyini azalda, hətta ölümcül qanaxmalara gətirib çıxara bilər.
NHS (Milli Səhiyyə Xidməti) də analoji xəbərdarlıq edərək, varfarin istifadəçilərinin bitki mənşəli preparatlardan qaçmalarının zəruri olduğunu vurğulayıb. Xüsusilə sarı kantaron depressiya müalicəsində tətbiq edilsə də, varfarinlə paralel istifadə olunduqda ciddi yan təsirlərə səbəb ola bilər.
Teylor bildirib:
"Qida əlavələri hər zaman faydalı olmur, bəzi hallarda əksinə, zərərli təsir göstərir."
"Vitamin və mineralların yüksək dozalarda istifadəsi sağlamlıq baxımından risk daşıyır. 'Çox qəbul etmək daha yaxşıdır' yanaşması həmişə doğru deyil."
"Əlavələrə xərcləmə etməzdən öncə mütləq həkimlə məsləhətləşmək lazımdır. Əgər əlavəyə real ehtiyac varsa, bunu həkim özü müəyyən edəcək."
Mütəxəssislər yalnız D vitaminini bu qaydadan istisna hesab edirlər. Payız və qış mövsümündə günəş şüalarının kifayət qədər olmaması səbəbilə gündəlik 10 mikroqram D vitamini qəbulu məsləhət görülür.
Varfarinin əks təsirləri:
Kiçik kəsiklərdən uzun müddət davam edən qanaxma,
Tez-tez müşahidə olunan diş əti və burun qanamaları,
Asanlıqla göyərmələrin yaranması,
Nadir hallarda daxili qanaxma və beyin qanaması.
Əgər qanaxma 10 dəqiqədən artıq davam edərsə, qanlı qusma və ya öskürərkən qan gəlməsi baş verərsə, dərhal tibbi yardıma müraciət edilməlidir.