Səhiyyə Nazirliyi Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Real Hospital”da lisenziyadan kənar cərrahi stomatologiya və sertifikatsız tibbi fəaliyyətin həyata keçirilməsini aşkar edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Real Hospital” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fakt üzrə cərimələnib.
MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 (Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsinə, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsinə, yaxud tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə) və 215.4-cü (Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddələri ilə inzibati xəta haqqında protokol yazılıb.
Yasamal Rayon Məhkəməsində hakim Mirsadiq Seyidovun sədrliyi ilə keçirilən prosesdə verilən qərara görə “Real Hospital” 6 min manat cərimə olunub.