SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Qulaqdibi xəstəliyinin yayılması ilə bağlı Səhiyyə Nazirliyindən BƏYANAT

Qulaqdibi xəstəliyinin yayılması ilə bağlı Səhiyyə Nazirliyindən BƏYANAT

  • 10 iyul 2026, 15:49

Paytaxtda qulaqdibi xəstəliyinin yayılması ilə bağlı çoxsaylı narahatçıliqlarla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.

Səhiyyə Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Azərbaycanda epidemik parotit (qulaqdibi) üzrə epidemioloji vəziyyət sabitdir.

Bildirilib ki, son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar olunur. Həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir. Hazırda ölkədə epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir. Qeydiyyata alınan yoluxma halları ayrı-ayrı sporadik hallardan ibarətdir, hər hansı epidemiya və ya kütləvi yayılma qeydə alınmayıb.

"Mövcud vəziyyət aidiyyəti tibb müəssisələri tərəfindən daim epidemioloji nəzarətdə saxlanılır, zəruri profilaktik və əks-epidemik tədbirlər ardıcıl şəkildə həyata keçirilir.

Epidemik parotit daha çox peyvənd olunmamış və ya natamam peyvənd olunmuş şəxslər arasında müşahidə edilir. Xəstəlik əsasən hava-damcı yolu ilə – öskürmə, asqırma və yaxın təmas zamanı ötürülür. İnkubasiya dövrü adətən 11–23 gün davam edir. Xəstəliyin əsas əlamətləri bədən hərarətinin yüksəlməsi, qulaqətrafı tüpürcək vəzilərində şişkinlik və ağrı, çeynəmə və udma zamanı narahatlıq, ümumi halsızlıq, baş ağrısı və iştahanın azalmasıdır.

Əksər hallarda epidemik parotit yüngül keçir və tam sağalma ilə nəticələnir. Bununla belə, peyvənd olunmamış yeniyetmələrdə və böyüklərdə nadir hallarda müəyyən ağırlaşmaların inkişaf etməsi mümkündür. Bu səbəbdən xəstəliyin qarşısının alınmasında vaxtında peyvəndlənmə xüsusi əhəmiyyət daşıyır", - məlumatda qeyd olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları