SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Bu klinikalarda septoplastika və rinoplastika əməliyyatları PROBLEM YARATDI

Bu klinikalarda septoplastika və rinoplastika əməliyyatları PROBLEM YARATDI

  • 29 sentyabr 2026, 20:28

Bakıda septoplastika və rinoplastika əməliyyatlarının qüsurlu icra edildiyi müəyyənləşdirilib.

Yurd.Media "Plat.az"a istindadən xəbər verir ki, Bakı şəhərində qüsurlu burun əməliyyatlarından sonra yaranmış fəsadlarla bağlı “Medicare Klinikası” MMC və “MedAura Klinikası” MMC məhkəməyə verilib. 

İş materiallarına əsasən, 2023-cü ildə 2 dəfə iddiaçı Lamiyə Kərimovaya həkim Kəmalə Qəhrəmanova tərəfindən “Medicare Klinikası” və “MedAura Klinikası”da septoplastika və rinoplastika əməliyyatları icra edilib. 

İddiaçının bildirdiyinə görə, əməliyyatlardan sonra burnunda problemlər yaranıb və nəticədən narazı qalıb. 

Bundan sonra o, Nəsimi Rayon Prokurorluğuna müraciət edərək burnundan iki dəfə cərrahiyyə əməliyyatı keçirildiyini, əməliyyatların uğursuz olduğunu və nəticədə səhhətində ağırlaşmalar yarandığını bildirib. 

Nəsimi Rayon Prokurorluğunun 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilib. Prokurorluq tərəfindən toplanmış material üzrə Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün əsasların olmadığı qənaətinə gəlinib. Bununla yanaşı, həkim barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci, klinika barəsində isə 215.4-cü maddəsi ilə inzibati icraat başlanması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqrirlə müraciət edilməsi qərara alınıb. Lamiyə Kərimovaya isə əməliyyatlar nəticəsində dəydiyini hesab etdiyi zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilib.

İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertiza xüsusi əhəmiyyət daşıyıb. Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nın 2024-cü il tarixli ekspert rəyinə əsasən, iddiaçıya hər iki klinikada qoyulmuş diaqnozlar aparılmış müayinələrə uyğun olub.

Ekspertiza nəticələrinə görə, həyata keçirilmiş septoplastika və rinoplastika əməliyyatları da müəyyən edilmiş diaqnozlara uyğun təyin edilib. Lakin hər iki cərrahi müdaxilənin texniki baxımdan qüsurlu icra edildiyi müəyyənləşdirilib.

Mütəxəssis müayinəsi zamanı Lamiyə Kərimovanın burnunun giriş hissəsinin sol tərəfində yeni qığırdaqlı çapıq və içəriyə yatma, burun üstünə sümük əyrilikləri və dəri piqmentasiyaları aşkar edilib. Ekspert rəyində əməliyyatlardan sonra göstərilmiş ixtisaslı tibbi yardımın isə iddiaçının vəziyyətinə uyğun olduğu qeyd olunub. Ekspertiza həmçinin əməliyyatların texniki baxımdan qüsurlu icrası ilə əlaqədar tibb işçilərinə həvalə edilmiş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi tələbinin pozulduğu qənaətinə gəlib.

2025-ci ildə verilmiş digər ekspert rəyində də iddiaçının burun nahiyəsindəki problemlərlə bağlı nəticələr əksini tapıb. Ekspert komissiyası müayinə zamanı burun ucu qığırdaqlarında və burun kolumellasında ödem olduğunu, həmçinin təkrar revizion əməliyyata ehtiyac yarandığını müəyyən edib. Ekspertlər bunu Lamiyə Kərimova üzərində icra edilmiş septorinoplastika əməliyyatının taktiki baxımdan qüsurlu aparılması ilə əlaqələndirib. Bununla belə, burun nahiyəsində yaranmış qüsurların aradan qaldırılması üçün təkrar əməliyyata çəkiləcək vəsaitin müəyyən edilməsinin məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətinə aid olmadığı bildirilib.

Lamiyə Kərimova həkimin səhlənkarlığı nəticəsində vurduğu maddi və mənəvi zərərə görə təzminat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əməliyyat üçün ödədiyi 1 200 manatın, yenidən əməliyyat olunması üçün tələb olunan 10 000 manatın və mənəvi zərərə görə 10 000 manatın cavabdehlərdən tutulmasını istəyib.

Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilib. Məhkəmə əməliyyat üçün ödənilmiş 1 200 manatın 350 manatının klinikalardan birinin, 850 manatının isə həkim Kəmalə Qəhrəmanovadan tutularaq iddiaçıya ödənilməsini qərara alıb.

Bundan əlavə, iddiaçının yenidən əməliyyat olunması üçün 5 000 manat, mənəvi zərərə görə isə 5 000 manat tutulması müəyyən edilib. Həmin məbləğlərin həkim, “Medicare Klinikası” və “MedAura Klinikası”ndan müştərək qaydada tutulması qərara alınıb. Məhkəmə həmçinin ödənilmiş dövlət rüsumuna görə 124 manatın cavabdehlərdən müştərək qaydada tutulmasını müəyyən edib.

Qərardan hər iki klinika apellyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tamamilə rədd olunmasını istəyib. Eyni zamanda xüsusilə təkrar əməliyyat üçün 5 000 manat və mənəvi zərərə görə 5 000 manat tutulması hissəsinin ləğv edilməsini tələb edilib. 

Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin olunub. Məhkəmə birinci instansiyanın qətnaməsini iddiaçının yenidən əməliyyat olunması üçün 5 000 manat tutulması hissəsində dəyişdirib. Həmin məbləğ 3 500 manat müəyyən edilib. Qətnamə digər mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılıb.

Bundan sonra klinikalar kassasiya şikayətləri veriblər. Ali Məhkəmənin qərarı ilə cavabdehlərin kassasiya şikayətləri təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb.

Beləliklə, məhkəmələrin yekun mövqeyinə əsasən, iddiaçının əməliyyatlar nəticəsində yaranmış qüsurlar və təkrar cərrahi müdaxiləyə ehtiyacla bağlı tələbləri qismən təmin edilib, təkrar əməliyyat üçün tutulmalı məbləğ isə apellyasiya instansiyasında 5 000 manatdan 3 500 manata endirilib.

Qeyd edək ki, bundan öncə də ölkə mediasında "Medaura klinikası" barədə bir sıra şikayətlər gündəmə gətirilib. Mediada yayılan məlumatlara görə, dəfələrlə kilinikada uğursuz əməliyyatlar aparılıb, hətta xəstəyə anestezi verildikdən sonra ölüm halı belə olub.

“MedAura”  Klinikası  2010-cu ildə dövlət qeydiyyatına alınıb. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Medaura Klinikası" MMC-nin 500 291 manat vergi borcu var. MMC-nin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə, İsbiyev Mübariz Qabil oğludur.

2026-cı ilə qədər MMC vergi ödəyicisi kimi 2 dəfə adını dəyişib. İlk adı "Nihat Klinika” MMC olub. 2018-ci ildən isə "MedAura” Klinika  MMC adlandırılıb.

Bu il klinikanın adı növbəti dəfə dəyişdirilib. Belə ki, artıq klinika "28 Medical Center" adı ilə fəaliyyət göstərir. Tibb müəssisəsinin ünvanı dəyişməsə də, brend tamamilə yenilənib və əvvəlki adla fəaliyyət göstərən sosial media hesabları da bağlanıb. Hazırda klinikanın baş həkimi Mirəzim Zaidovdur.

"Medicare Klinikası" da əvvəlki illərdə mətbuatda kifayət qədər qalmaqallı hadisələr, hətta 2024-cü ilin əvvəllərində ölüm hadisəsi ilə gündəmə gəlib. 2024-cü ilin aprelində isə, “Medicare Klinikası” MMC -də lisenziyadan kənar fəaliyyət aşkar edilməsi və verilən vaxt ərzində nöqsanların aradan qaldırılmaması səbəbindən Səhiyyə Nazirliyinin rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən sözügedən klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edilmişdi. Lakin klinika hazırda Bakı şəhəri, Sabunçu  qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində fəaliyyət göstərir. Klinikanın baş həkimi Anar Məmmədovdur.

Skat.az - Ev və Avtomobil elanları