Qazlı içkilərin böyüklər tərəfindən istehlakı belə məsləhət görülmədiyi bir vaxtda, bu cür içkilərin uşaqlara verilməsi gələcəkdə ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər.
Bəs kola və digər qazlı içkilər uşaq orqanizmində hansı mənfi nəticələrə yol açır?
Yurd.Media-nın məlumatına görə, pediatr Mətanət Əliyeva bildirib ki, qazlı içkilər insan orqanizmi üçün olduqca təhlükəlidir. Onların tərkibində olan fosfat maddəsi dərinin vaxtından əvvəl qocalmasına gətirib çıxarır: "İnfarkt ehtimalını artırır, beyin fəaliyyətinə mənfi təsir göstərir, xərçəng xəstəliyi və diabetin yaranmasına zəmin yaradır, həmçinin mədə divarlarını zədələyir. Qazlı içkilər orqanizmə siqaretlə müqayisə ediləcək dərəcədə zərər vurur. Bu qədər xəstəliyə səbəb olan içkinin uşaqlar üzərində necə təsir göstərdiyini təsəvvür etmək çətin deyil. Qazlı içkilərə rəngləndirici maddələr əlavə edildikdə isə xəstəlik riski daha da yüksəlir. Qazlı içki qəbul edən və düzgün qidalanmayan uşaq sürətlə çəki itirir, immun sistemi zəifləyir və müxtəlif xəstəliklərə tutulur".