Yuxu insan orqanizmi üçün vacib olan əsas fizioloji proseslərdən biridir. Hər insanda yuxunun optimal davametmə müddəti fərqli olur.
Körpələrin yuxuya ehtiyacı isə böyüklərlə müqayisədə xeyli çoxdur. Bəzi valideynlər övladlarını dizləri üstündə və ya müxtəlif yerlərdə yelləyərək yuxuya vermək vərdişinə sahibdirlər. Mütəxəssislərin fikrincə, körpə yelləndiyi vaxt gözləri bir nöqtəyə fokuslanır və o, yorğunluqdan deyil, baş gicəllənməsindən yuxuya gedir. Başqa sözlə, uşaq sərsəmlik hissi keçirərək yatmış olur.
Yurd.Media xəbər verir ki, həkim-pediatrlar bu vəziyyətin körpələrdə davamlı beyin travmalarına yol açdığını qeyd edirlər:
"Körpələrin yellənmə yolu ilə yatızdırılması onlarda sarsıntı yaradır və beyin daha oyaq vəziyyətdə qalır. Yuxusunu tam ala bilməyən uşaqlarda davranış pozğunluğu, aqressiya və həddindən artıq aktivlik özünü göstərir. Məlumdur ki, yuxunun dərin və səthi fazaları mövcuddur. Bu üsulla yatan körpələr yuxunun keçid mərhələsində oyanır və eyni dəstəyi tələb edirlər. Nəticədə onlarda yuxu rejiminin pozulması meydana gəlir".
Bir yaşına qədər körpələr gün ərzində 18 saata yaxın yata bilərlər. Uşaqlarda gündüz yuxusunun müddəti 2-3 saat, gecə yuxusu isə 7-8 saat olmalı və heç bir xarici dəstək tələb etməməlidir. Həkim-pediatrın bildirdiyinə görə, uşaq heç bir əlavə köməkçi vasitəyə ehtiyac duymadan müstəqil şəkildə yuxuya getməlidir.