 
 
            Müasir dövrdə ən çətin məsələlərdən biri də qidalanmada düzgün seçim etməkdir. Hər gün müxtəlif “mütəxəssislər” bir məhsulu göylərə qaldırır, digəri barədə isə ciddi xəbərdarlıq edirlər. Nəticədə arıqlamaq, kökəlmək və ya şəkərli diabetdən əziyyət çəkən insanlar nə ilə qidalanmalı olduqlarını bəzən müəyyən edə bilmirlər.
Həkim-dietoloq, yaşlanma əleyhinə mütəxəssis Leyla Zülfüqarlı Yurd.Media-ya bildirib ki, sağlamlığın əsası balanslı və təbii qidalanmadır:
“Tərəvəz, meyvə, balıq, quru meyvələr və çərəzlər – düzgün balansda qəbul edildikdə hər bir insana faydalıdır. Problem ondadır ki, bir çox "diyetik" və "şəkərsiz" adlandırılan məhsullar əslində reklam siyasətinin tərkib hissəsidir. Onlarda fruktoza olur ki, bu da bədəndə daha ləng parçalanır. Nəticədə belə məhsullar nə arıqlamaq istəyənlərə, nə də şəkərli diabet xəstələrinə real fayda verir”.
Dietoloq “xlebsilər”, “proteinli batonçiklər”, bəzi “greçka” növləri və “trosnik şəkəri” kimi məhsulların da sağlamlıq üçün ideal olmadığını qeyd edir. Onların çoxu istehsalçıların marketinq hiyləsi ilə “sağlam” imicində təqdim olunur.

Uşaqlar üçün “rəngli təhlükə”
Leyla Zülfüqarlı xüsusilə uşaqların qidalanmasına diqqət yetirilməsini tövsiyə edir:
“Marketlərdə satılan rəngbərəng konfetlər, xüsusilə "jelebon" tipli şirniyyatlar uşaqlar üçün böyük təhlükə daşıyır. Eyni zamanda "fast food", mayonez, kartof fri, tezbişən "rolton" tipli lapşalar da orqanizm üçün tamamilə faydasızdır”.
Onun sözlərinə görə, qazlı və energetik içkilər, eləcə də kolbasa və sosislər bədən üçün ən zərərli qidalar sırasındadır:
“Əgər bir ət məhsulunu pişik və it yemirsə, insan onu niyə qəbul etməlidir?” – deyə o sərt şəkildə bildirir.
İdman – hərəkət deyil, balans məsələsi
Dietoloq qeyd edir ki, sağlam həyat tərzi təkcə qidalanmadan deyil, həm də düzgün fiziki aktivlikdən asılıdır. Lakin bir çox insan idmanı yanlış şəkildə tətbiq edir:
“Son dövrlər mənə müraciət edən bir neçə pasiyentdə eyni problem var – idmana gedirlər, amma çəki ata bilmirlər. Səbəb isə yanlış məşq proqramıdır. Bəzi hallarda bədənin yuxarı hissəsində əzələ kütləsi artır, lakin qarın hissəsində heç bir dəyişiklik olmur”.
Leyla Zülfüqarlı hesab edir ki, “bədən tərbiyəsi” anlayışı daha doğru yanaşmadır:
“Ağır idman növlərinə girmədən, sadə və davamlı hərəkətlər etmək daha faydalıdır. Düzgün qidalanma ilə birgə tətbiq edildikdə həm arıqlamağa, həm də sağlam bədən formalaşdırmağa kömək edir”.
 Həkim-dietoloq Leyla Zülfüqarlı
Həkim-dietoloq Leyla Zülfüqarlı“Reklama yox, bədəninizə qulaq asın”
Mütəxəssisin əsas məsləhəti aydındır — heç bir brendin, reklamın dalınca qaçmağa dəyməz. Sağlamlıq üçün ən doğru seçim – təbii, təmiz və balanslı qidadır.
“Əsas odur ki, insan bədənini dinləsin, reklamların deyil, sağlam düşüncənin səsinə qulaq assın. Sağlam bədəndə sağlam ruh olar”.