Gecə saatları infarkt baş vermə ehtimalı baxımından ən riskli zaman kəsiyi hesab olunur.
Yurd.Media xəbər verir ki, bu barədə Türkiyənin Anadolu Sağlamlıq Mərkəzinin kardioloqu Dr. Nermina Alagiçin məlumat verib.
O qeyd edib ki, xüsusilə gecə saat 03:00-dan 07:00-dək olan müddətdə ürək-damar xəstəlikləri ilə bağlı risklər əhəmiyyətli dərəcədə yüksəlir. Bunun başlıca səbəbi insanın bioloji saatı, yəni sirkadiyen ritmi ilə bağlıdır.
Kardioloq vurğulayır ki, gecə saatlarında kortizol və adrenalin hormonlarının səviyyəsinin artması qan təzyiqinin yüksəlməsinə və qanın laxtalanma prosesinin güclənməsinə gətirib çıxarır. Bu vəziyyət damar tıxanıqlığından əziyyət çəkən insanlarda infarkta yol aça bilər. Gecə növbəsində çalışanlar, mütəmadi olaraq səfərlərə çıxanlar və yuxu rejimi pozulmuş şəxslər xüsusilə daha böyük risk qrupunda yer alır.
Ürək sağlamlığının qorunması məqsədilə mütəxəssislər müntəzəm yuxu rejiminə riayət etməyi, yatmazdan öncə ağır qidalar, spirtli içkilər və kofeindən imtina etməyi, intensiv fiziki məşqləri yuxudan əvvəl icra etməməyi, həmçinin stressi azaltmaq üçün meditasiya və nəfəs məşqlərindən istifadə etməyi tövsiyə edirlər.